Mənim ABIRLI xalqım

Bir neçə il bundan əvvəl məşhur telekanalın baş redaktoru xalqa şad xəbər verdi. Dedi ki, Tarantinonun “Kriminal mütaliə” filmini Azərbaycan dilinə ana söyüşləri ilə, olduğu kimi dublyaj ediblər.

Apr 30, 2025 - 11:55
Mənim ABIRLI xalqım

Əvvəla, namuslu azərbaycanlı qadın, ana heç vaxt söyüş söyməz. “Ana söyüşü” ifadəsi rus mənşəlidir.

Xarici filmləri tərcümə etdikdə, elə öz filmlərində də, ruslar məhz “ananı” sözünü işlədirlər. İngiliscə isə söyüşdə ana iştirak etmir. Deməli, söyüşkən ananın oğlunun telekanalında filmi “olduğu kimi” tərcümə və dublyaj etməyiblər! Kiminsə arzusu içində qaldı...

İş elə gətirib ki, xalqımızın bəxti söyüşdə gətirməyib. Azərbaycanda ən geniş yayılmış “söyüş” oğraş sözüdür. Qoca, cavan bu sözü qəzəbli anında düşünmədən işlədir. Bəzi üzdəniraq ailələrdə onu uşağa şirin əzizləmə mənasında deyirlər. Şirindir – qoy nuş olsun!

Yadımdadır, məktəbdə oxuyarkən “oğraş” sözünə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə rast gəldikdə çox (çox!) təəccüblənmişdim. Niyə? Elə bilmişdim ki, rəsmi nəşr tərbiyəsiz söz yazıb. O zamandan illər keçib. Müxtəlif yaşı, təhsili, cinsi olan azərbaycanlılardan həmin sözün mənasını dəfələrlə (!!) soruşmuşam. Heç kəs (!) bilməyib! Buna cürbəcür ad vermək olar. Mən isə istəyirəm “gülünc” adlandırım: bu millət qəzəbləndiyi adama özünün də mənasını qanmadığı sözü deyir.

Əslində, oğraş söyüş deyil. Nədir? O gün restoranda qəzəbli müştəri də ofisiantdan təkəbbürlə soruşdu:

– Bu çaydır ya kofe?

Ofisiant mənimtək təmkinlə cavab verdi:

– Əgər başınız çıxmırsa, sizin üçün nə fərqi var?..

Başsız dilçilərimiz hələ də adları anası Rusiyanın dilindən götürürlər. Məsələn, bir neçə il bundan əvvəl Seylon dövlətinin adı dəyişdirilərək Sri-Lanka oldu. “Sri” rus dilində biədəb səslənir. Onlar “Şri” etdilər: Şri-Lanka. Olkəmin əvəzinə bir daha xəcalət çəkirəm ki, Azərbaycan dilində də ada dövləti Şri-Lanka adlandırılmağa başlandı. Halbuki, Azərbaycanda əksəriyyət heç bilmir rus dilində “sri” nə deməkdir. Buna əminəm.

Rusları da dilimizin təfərrüatları heç vaxt maraqlandırmayıb. Məşhur italiyalı kino rejissoru Vittorio de Sika, yaxud meksikalı rəssam, Trotskinin qatili David Sikeyros. Şübhəsiz, onların soy adı olduğu kimi səslənməlidir – bir dil digərinə cavabdeh deyil. Lakin Azərbaycan televiziya kanallarından başqa haradasa Şri-Lanka desən, səni başa düşməyəcəklər. Elə düşünəcəklər ki, loqopedik qüsurun var. Əlbəttə, var qüsurun. Amma loqopedlik deyil...

A.ƏZİZ