Alla Puqaçovanın qızının adı “qara siyahı”ya salındı - Latviyada 

Latviya rusiyalı müğənni Kristina Orbakayte və serb-xorvat musiqiçisi Qoran Breqoviçi ölkəyə girişi qadağan olunmuş şəxslərdən ibarət “qara siyahı”ya əlavə edib.

Apr 30, 2025 - 11:34
Alla Puqaçovanın qızının adı “qara siyahı”ya salındı - Latviyada 

SAVASHMEDİA.az Latviya KİV-nə istinadən xəbər verir ki, müvafiq qərarı Latviya Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Rihard Kozlovskis verib.

Bu qərara əsasən, həmin musiqiçilərin bu yay Latviyada planlaşdırılan konsertləri ləğv olunacaq.

Daxili işlər naziri izah edib ki, Orbakaite və Breqoviç Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tələbi ilə “qara siyahı”ya salınıblar.

“Əsas ittiham Ukraynaya qarşı təcavüzün dəstəklənməsinə, işğal olunmuş ərazilərdə ictimai tədbirlərdə iştiraka aiddir. Biz Latviya olaraq Ukraynanı dəstəkləyirik və onu dəstəkləməyə davam edəcəyik. Ona görə də indiki halda bu, bizim üçün qətiyyən qəbuledilməzdir”, - deyə Kozlovskis diqqətə çatdırıb.

Latviya xüsusi xidmət orqanlarının məlumatına görə, Breqoviç dəfələrlə işğal olunmuş Krımda çıxış edib. Bundan əlavə, musiqiçi tez-tez Rusiyaya dəstəyini açıq şəkildə ifadə etdi. 

Krımın işğalından sonra Orbakayte də yarımadada konsertlər verib, Rusiyanın müxtəlif təbliğat tədbirlərində iştirak edib.

Latviya DTX və DİN-i konsert təşkilatçılarını dəvət olunmuş artistləri diqqətlə yoxlamağa çağırıb. Əgər onlar Rusiyada və ya Ukraynanın işğal olunmuş ərazilərində çıxış edirlərsə, bu, Rusiyanın təcavüzünə və hərbi cinayətlərinə dəstək sayılır.

Ötən il xüsusi xidmət orqanlarının tövsiyəsi ilə Latviyanın “qara siyahısı”na 480 əcnəbi daxil edilib.

Bu yaxınlarda litvalı ictimai xadim Valdas Bartkevicius rusiyalı müğənni Kristina Orbakaytenin Vilnüsdə mayın 31-də planlaşdırılan konsertindən qəzəbləndiyini bildirib.

Litvanın baş naziri Gintautas Paluckas bundan sonra deyib ki, tədbirin təşkilatçıları müğənnidən onun siyasi baxışları barədə soruşmalıdırlar.
Litvanın Mədəniyyət Nazirliyi Orbakaytenin konserti ilə bağlı qalmaqalı şərh edərək, bunun “qeyri-standart vəziyyət” olduğunu bildirib, çünki müğənni həm də Litva vətəndaşıdır.

Xatırladaq ki, Kristina Orbakayte məşhur müğənni Alla Puqaçovanın qızıdır.  Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra Alla Puqaçova əri Maksim Qalkin və övladları ilə birlikdə Moskvanı tərk edərək İsrailə köçüb. Tanınmış cütlük Ukraynaya dəstəyini bildirərək Rusiyanın təcavüzünü qınayıb. Onların bu addımından sonra Maksim Qalkinin adı Rusiyada “xarici agent” siyahısına salınıb, Kristina Orbakaytenin isə Rusiyadakı bütün konsertləri ard-arda ləğv olunub. Bundan sonra müğənni Rusiyada konsert fəaliyyətini dayandırdığını bəyan edərək, ABŞ-dəki ailəsinin yanına köçüb. 

Hazırda Kristina Orbakayte və Maksim Qalkin konsert fəaliyyətini Qərb ölkələrində davam etdirirlər.

Xatirə SADİQ