Rus generala "ad günü hədiyyəsi" - Moskvadakı partlayışın hədəfi o idi?
Moskvanın mərkəzində yerləşən məşhur "Balzi Rossi" restoranında baş verən partlayışla bağlı yeni iddialar yayılıb.
SAVASHMEDIA.az xəbər verir ki, bəzi Rusiya mənbələrinin yaydığı məlumata görə, partlayış baş verən vaxt restoranda Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çaykonun ad günü münasibətilə qapalı tədbir keçirilirmiş.
Yüksək rütbəli hərbçilərin iştirak etdiyi tədbir zamanı ərazi xüsusi qoruma altına alınıbmış. Məlumata görə, hadisə yerinin yaxınlığında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və hərbi qurumlara məxsus avtomobillərin görünməsi müşahidə edilib.
Bu səbəbdən bəzi hərbi analitiklər partlayışın təsadüfi qəza olmaya biləcəyi ehtimalını irəli sürüblər. Onların fikrincə, əsas hədəf general Aleksandr Çayko imiş.
Qeyd edək ki, Aleksandr Çayko Rusiya Silahlı Qüvvələrinin tanınmış yüksək rütbəli generallarından biridir. O, Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk mərhələlərində müxtəlif istiqamətlərdə qoşun birləşmələrinə komandanlıq edib. Bir sıra Qərb KİV-ləri və analitik mərkəzlər onun Ukraynadakı hərbi əməliyyatların planlaşdırılması və idarə olunmasında iştirak etdiyini yazıb.
Aleksandr Çaykonun adı Ukraynanın Buça şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı aparılan araşdırmalarda da hallanıb. Ukrayna rəsmiləri və bir sıra beynəlxalq media orqanları onun həmin dövrdə Buça ətrafında əməliyyatlar aparan Rusiya qüvvələrinin komandanlarından biri olduğunu qeyd edib.
Çaykonun adı müharibə ilə əlaqədar Qərb ölkələrinin sanksiya siyahılarında da yer alıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində azı 3 nəfər ölüb, 15-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin qaz sızması, yoxsa qəsdən törədilmiş partlayış olması araşdırılır.
Səlcuq