Eks-prezidentlə bağlı sübutlar Ali Məhkəməyə təqdim edildi

Braziliyanın federal polisi eks-prezident Jair Bolsonaronun 2022-ci il seçkilərinin nəticələrini ləğv etmək üçün çevriliş cəhdində birbaşa iştirak etdiyini göstərən 884 səhifəlik hesabatı Ali Məhkəməyə təqdim edib.

Nov 27, 2024 - 11:42
Eks-prezidentlə bağlı sübutlar Ali Məhkəməyə təqdim edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bolsonaro çevrilişə cəhddə, demokratiya və qanunun aliliyini zorakılıqla alt-üst etməkdə və cinayət təşkilatı yaratmaqda ittiham olunur.

Təxminən iki ilə yaxın davam edən araşdırma zamanı axtarışlar, telefon dinləmələri, maliyyə sənədlərinin təhlili və istintaq çərçivəsində günahın etiraf edilməsi üzrə  razılaşmanın bir hissəsi kimi təqdim edilən ifadələr nəticəsində əldə edilən sübutları üzə çıxarılıb.

Hesabatda bildirilir ki, Bolsonaro çevrilişin planlaşdırılmasında iştirak etməklə yanaşı, həm də qanunun aliliyinin ləğvini müzakirə etdiyi hərbçilərlə görüşləri koordinasiya edib.

“Bolsonaro ən azı 2019-cu ildən bəri demokratik qanunun aliliyini alt-üst etməyə yönəlmiş konkret tədbirləri digər rəsmilərlə koordinasiyada effektiv şəkildə planlaşdırıb, istiqamətləndirib və həyata keçirib. Üstəlik, prezident vəzifəsində qalıb”, - deyə hesabatda vurğulanıb.

Polis Bolsonaronun yeni seçilmiş prezident Luis İnasio Lula da Silva və onun müavini Geraldo Alkminə qarşı sui-qəsd planından xəbəri olduğunu müəyyənləşdirib.

Hesabatda bildirilir ki, istintaqda Bolsonaronun dövlət çevrilişinə cəhddə rəsmi ittihamını təsdiqləyən sübutlar var. Bolsonaru planı 2022-ci ilin dekabrında Silahlı Qüvvələrin ali komandanlığı ilə görüş zamanı təqdim edib və onları sui-qəsdə qoşulmağa çağırıb.

Polisin məlumatına görə, ordu və hava qüvvələri komandanları bundan imtina edib, hərbi dəniz qüvvələrinin komandanı, hazırda istefada olan admiral Almir Qarnyer Santuş dəstəyini ifadə edib. 

Qeyd edık ki, Bolsonaru ittihamları rədd edir. 

Xatırladaq ki, bu il noyabrın 13-də axşam saatlarında Ali Məhkəmənin binası yaxınlığında baş verən iki güclü partlayış bir nəfərin ölümünə səbəb olub. Hadisə ölkənin əsas dövlət qurumlarının, xüsusən də Ali Məhkəmə, Konqres və prezident sarayının yerləşdiyi meydanında baş verib.

Braziliyanın federal polisi bunun son illərdə Ali Məhkəmə ilə bağlı gərginliklə bağlı ola biləcəyini, ifrat sağçı qrupların və keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının təhdidləri ilə bağlı ola biləcəyini irəli sürüb.

Xatirə SADİQ