Əlvida, Kolxozstan! – 6

“Rus mənə azərbaycanca “Salam” dedi”. Azərbaycanlının sevinci yerə-göyə sığmırdı.

Feb 24, 2025 - 11:14
Əlvida, Kolxozstan! – 6

Məsələyə belə münasibət məni həmişə qəzəbləndirib. Bakıda, ölkənin hər hansı yerində doğulub boya-başa çatan ruslar Azərbaycan dilini bu və ya digər dərəcədə bilirlər.

Məktəbdə tədrisinə diqqət yetirməyiblərsə də, həyat öyrədib. Xüsusilə, müstəqillik dövründə. Qonşum həmişə deyirdi ki, rus arvadı dilimizi bilmir. Bir dəfə onlarda ikən çox maraqlı söhbət etdim. Bir gözüm qadında idi. O, gördüyü işini dayandırıb, qulaqlarını şəkləmişdi. Bədbəxt kişiyə işarə edib öz arvadını ona tanıtdım.

Yazıçı dostum kəndə köçdükdə həyatının böyük arzusuna çatdı: it saxlamağa başladı. Yadımdadır, çarşablı, namaz qılan nənəm it görəndə “Poşol!” deyib qovurdu, pişiyi isə “Piş-piş, gəl ye” sözləri ilə çağırırdı. Bir gün soruşduq ki, niyə itlə rusca, pişiklə isə azərbaycanca danışır. Bir az duruxdu, sonra cavab verdi: “Hərəsi ilə onun dilində danışıram ki, məni başa düşsün”.

Azərbaycanda çoxdan ənənə var. İtə “Reks”, “Culbars” və bu kimi ləqəb verir, onunla rus dilində danışırlar. Dostum itinə azərbaycanca ad qoydu və onu 10 ildir azərbaycanca danışdırır. Bisavad şovinist Marinaya bunu dedim və əlavə etdim: “Hər it, Azərbaycanda yaşayırsa, Azərbaycan dilini bilməlidir”.

Keçən il binamızda yeni qonşu peyda oldu. Liftdə öz təşəbbüsü ilə mənə “Salam” deyirdi. Bir gün salamlaşdıqdan sonra onu azərbaycanca dindirdim. Söhbət açmaq istədim. Rusca dedi ki, başa düşmür. Qınamıram, Putinin əlindən, daha dəqiq, cəbhəyə getməkdən baş götürüb qaçıb. Mənə xoş gəlmək üçün “Salam” deyirdi. Sevgisi, bildiyi elə bu qədərmiş...

Valideynlərim deyirlər ki, “neçə dil bilsən – o qədər insansan”. Yəni, bir o qədər insan arasında özünü itirməyəcək, azmayacaq, dostu da, düsməni də anlayacaqsan.

Atam danışır ki, çox gözəl sözləri rus dili müəlliməsi demişdi: 

– Hər müəllim sinfə ilk dəfə girəndə öz fənnini tərifləmək üçün onu az qala bütün dərdlərin dərmanı kimi qələmə verir. Əlbəttə, ana dilinin, riyaziyyatın, coğrafiyanın əhəmiyyəti şəksizdir. Tarixi, fizikanı, biologiyanı da bilməlisiniz. Əgər bilməsəniz alim, mütəxəssis olmaz, lakin yenə cəmiyyətdə davranarsınız. Amma rus dilini bilməsən küçədə, idarədə gözlərini döyə-döyə qalacaqsan. Üstəlik, səni “baran” adlandiracaqlar. Rus dilini öyrənin ki, ölkənin istənilən yerində haqqınızı tələb edəsiniz.

Sovet dövrünün öz tələbləri var idi. Müəllimə şagirdlərə dildən çox həyat dərsi keçirdi. Adı Böyükxanım olan bu insanın balaca boyu vardı. Amma necə də böyük azərbaycanlı qadın idi!

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ