Ər-Riyadda danışıqlar başa çatdı 

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda görüşü başa çatıb. 

Feb 18, 2025 - 16:59
Ər-Riyadda danışıqlar başa çatdı 

SAVASHMEDİA.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Pervı” kanalının efirində deyib. 

Bir neçə il ərzində ilk dəfə baş tutan Rusiya-Amerika danışıqları Moskva vaxtı ilə təxminən 10:30-da başlayıb və iki fasilə ilə təxminən 5 saat davam edib.

Yuri Uşakov bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar “pis keçməyib”. Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər. 

Uşakov vurğulayıb ki, Putin və Tramp arasında görüş çətin ki, gələn həftə baş tuta bilər, çünki konkret tarixlər barədə danışmaq çətindir, möhkəm işləmək lazımdır. 

Prezident köməkçisi əlavə edib ki, ABŞ və Rusiya danışıqlarında iştirak edən “ayrı-ayrı komandalar” Ukrayna üzrə “vaxtında” təmaslara başlayacaq. O, dəqiq tarixə aydınlıq gətirməyib. 

Danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev təmsil ediblər.

Xatirə SADİQ