Ərdoğan Kazandan dönərkən təyyarədə bunları açıqladı - Putinlə nə danışıb?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS çərçivəsində rusiyalı həmkarı ilə apardığı danışıqlardan bəhs edib.
SAVASHMEDİA.az xəbər verir ki, Türkiyənin dövlət başçısı bu barədə Kazandan qayıdarkən təyyarədəki jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, müzakirənin mövzusu Moskva və Kiyev arasında əsir mübadiləsi, taxıl sazişinin bərpası imkanları, həmçinin Qara dənizdə minalardan təmizləmə məsələləri olub.
Türkiyə lideri qeyd edib ki, Ankara əsirlərin mübadiləsi istiqamətində atılan addımları izləyir və vasitəçilik səylərini davam etdirəcək.
“Biz problemləri diplomatik yolla həll etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik. İstəyimiz iki ölkə arasında sülh danışıqlarına mümkün qədər tez başlamaq və münasib nəticəyə yol açmaqdır”, - deyə Ərdoğan vurğulayıb.
Putin də “Rossiya-1” telekalının “60 dəqiqə” proqramına müsahibəsində bildirib ki, Türkiyə prezidenti Qara dənizdə gəmiçilik məsələsi və digər mövzularda Kiyevlə təmasları davam etdirməyi təklif edib:
“Dünən görüşdüyümüz cənab Ərdoğan Qara dənizdə gəmiçiliklə və bəzi digər məsələlərlə bağlı təmasları davam etdirmək üçün bu təklifləri bir daha bərpa etdi”.
Putin həm də deyib ki, Ərdoğan ona aktual məsələlərlə bağlı materiallar təqdim edib.
Xatirə SADİQ