“Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlmək mənim üçün şərəfdir” – Zelenski
Türkiyəyə rəsmi səfəri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski xanımı ilə Ukraynanın Ankarada yeni səfirliyinin açılış mərasimində iştirak edib.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
“Bu gün prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlmək mənim üçün şərəfdir. Bu, belə sınaq anlarında bizim nümayəndə heyətimizin mühüm, rəsmi səfəridir. Belə anlarda dəstəyimizin olması, Türkiyə ilə və əlbəttə ki, prezident Ərdoğanla dostluq əlaqələrinin olması çox vacibdir”, - deyə Zelenski çıxışında bildirib.
O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla ukraynalıların Rusiya əsarətindən qayıtması, ərzaq təhlükəsizliyi, Ukraynanın təhlükəsizliyinə zəmanət məsələlərini müzakirə edəcək.
Zelenski sonra öz “telegram” kanalında nəzərə çatdırıb ki, səfirliyin yeni binasının layihəsi hələ 2019-cu ildə təsdiqlənib, lakin onun divarları ölkələr arasında əməkdaşlıq artdıqca ucaldılıb: “Yeni səfirliyin strateji tərəfdaşlığımızın yeni səviyyəsini əks etdirməsi çox rəmzidir”.
Ukrayna lideri həmçinin bildirib ki, bu gün artlıq yeni binada Türkiyədə yaşayan ukraynalıların nümayəndələri ilə görüşüb.
Xatirə SADİQ