Ermənipərəst sabiq senator Menendes 11 il azadlıqdan məhrum olundu

“Məhkəmədə təqdim olunan sübutlar göstərdi ki, Menendes və onun həyat yoldaşı gizli şam yeməyi və şifrəli zənglər zamanı sövdələşiblər”,

Jan 30, 2025 - 07:14
Ermənipərəst sabiq senator Menendes 11 il azadlıqdan məhrum olundu

Nyu-Yorkun Cənub Dairəsi üzrə Dairə Məhkəməsi Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesi korrupsiya və xarici ölkələrin xeyrinə qanunsuz fəaliyyətdə ittiham edərək 11 il müddətinə azadlıqdan məhrum edib.

SAVASHMEDİA.az bu barədə “The New York Times” nəşrinə istinadən xəbəbr verir. 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri və Vaşinqtonun ən nüfuzlu demokratlarından biri olan Menendes çoxillik rüşvət sxemində təqsirli bilinib. Bu sxemə Federal Təhlükəsizlik Bürosu əməkdaşlarının 2022-ci ildə senatorun Nyu-Cersidəki evində axtarış zamanı şkaflarda və paltarda tapdığı pul qızıl külçələr, “Mercedes-Benz” avtomobili və 480.000 dollardan çox pul da daxil olub. İstintaqın məlumatına görə, bu rüşvət Misir və Qətər biznesmenlərinin və hökumətlərinin maraqlarını təşviq etmək müqabilində verilib.

“Məhkəmədə təqdim olunan sübutlar göstərdi ki, Menendes və onun həyat yoldaşı gizli şam yeməyi və şifrəli zənglər zamanı sövdələşiblər”, - deyə nəşr yazıb.

2024-cü ilin iyul ayında məhkəmə Menendesi qəsb, ədalət mühakiməsinə maneçilik və qeydiyyatdan keçməmiş xarici agent kimi fəaliyyət daxil olmaqla, bütün 16 maddə üzrə təqsirli bilib. Prokurorluq onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib, müdafiə tərəfi isə bu tələbi “qisascıl və qəddar” adlandırıb.

Bu iş üzrə daha iki təqsirli – biznesmenlər Vael Hana və Fred Daybes də günahkar hesab olunublar. Daybes 7 il həbs və 1,75 milyon dollar cərimə cəzası, Hana səkkiz ildən bir qədər çox həbs cəzasına və 1,3 milyon dollar cərimə cəzası alıblar.

Menendes özünü təqsirli bilməyib və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırdığı söyləyib.

Məhkəmə arvadının məhkəməsində iştirak edə bilməsi üçün Menendesin cəzasının başlamasını iyunun əvvəlinə qədər təxirə salıb.

Xatirə SADİQ