“RİA Novosti” Afinadan qovuldu

Kremlin təbliğatını yayan “RİA Novosti” agentliyi Yunanıstandakı müxbir ofisini bağladığını elan edib. 

Mar 12, 2025 - 16:33
“RİA Novosti” Afinadan qovuldu

SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) agentliyin baş müxbiri Gennadi Melnikin akkreditasiyasını uzatmaqdan imtina etdikdən sonra rusiyalı jurnalistlərin bu ölkədə işləməsi qeyri-mümkün olub. 

“Keçən il yubanma ilə akkreditasiya uzadıldı və bu il isə beynəlxalq ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı bizə müsbət cavabın olmayacağını bildirdi. O, qərarın “təfərrüatlarını” və ya bunun səbəblərini izah edə bilmədi”, - deyə RİA Novosti bildirib. 

Agentlik əlavə edib ki, baş verənləri söz azadlığı və demokratiya prinsiplərinin kobud şəkildə pozulması hesab edirlər. 

“RİA Novosti”nin müxbir bürosu 2004-cü il Olimpiya Oyunları ərəfəsində Afinada açılıb. Amma son üç ildə Yunanıstan hökuməti “RİA Novosti”nin fəaliyyətini məhdudlaşdırıb və onun müəyyən tədbirlərdə, o cümlədən beynəlxalq tədbirlərdə iştirakına icazə verməyib. 

Rusiya ordusu Ukraynanı işğal etdikdən sonra agentliyin müxbirinə bir ildən artıq müddətə Yunanıstan XİN-nin mətbuat konfranslarında iştirak etməsi qadağan olunub. 2022-ci ildə Yunanıstan “RİA Novosti”, “Sputnik” və “Russia Today”in daxil olduğu “Rossiya Seqodnya” media qrupunun resurslarını bloklayıb. Ötən ilin dekabrında ölkə yerli qanunvericiliyi pozduğuna görə Rusiya agentliyinin “telegram” kanalını bloklayıb.

Xatırladaq ki, Avropa İttifaqı 2024-cü ilin iyununda “RİA Novosti!yə sanksiya tətbiq edib. 

Xatirə SADİQ