Qrenlandiyadakı hərbi təlimlərə ABŞ dəvət olunmadı
Danimarka hökuməti ABŞ silahlı qüvvələrini Qrenlandiyada keçirilən “Arctic Light 2025” hərbi təlimində iştiraka dəvət etməyib.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Danimarkanın Arktika Qüvvələri Komandanı Soren Andersen təsdiqləyib ki, ABŞ müdafiə naziri Pit Haqset təlimlərə dəvət olunsa da, Amerika hərbi birləşmələri iştiraka dəvət edilməyib. “Biz Amerikanın “Pituffik” kosmik bazasından olan həmkarlarımızla əməkdaşlıq edirik, lakin onların bölmələri bu təlimlərdə iştiraka dəvət edilməyib”, - deyə Soren Andersen vurğulayıb.
Andersen təlimlərin Vaşinqtona ismarıc göndərmək üçün nəzərdə tutulduğuna dair ehtimalı rədd edib. Onun sözlərinə görə, təlimlər Rusiya və Çinin Arktikada aktivliyinin artması ilə bağlı mümkün ssenarilərə hazırlaşmaq məqsədilə keçirilir.
Qeyd edək ki, sentyabrın 9-dan 19-dək davam edəcək “Arctic Light 2025” təlimlərində Danimarka, Fransa, Almaniya, İsveç və Norveçdən xüsusi təyinatlılar da daxil olmaqla 550-dən çox hərbçi iştirak edir. Danimarka təlimlərə freqat, helikopter və F-16 qırıcı təyyarələri, Fransa isə bir döyüş gəmisi, bir tanker təyyarəsi və bir pilotsuz uçuş aparatı cəlb edib.
ABŞ əvvəllər Danimarkanın rəhbərliyi altında Qrenlandiyada keçirilən hərbi təlimlərdə iştirak edirdi. ABŞ-nin Kopenhagendəki səfirliyinin sözçüsü bildirib ki, “biz bu xüsusi təlimdə iştirak etməsək də, Danimarka Krallığı və digər Arktika müttəfiqləri ilə sıx hərbi əməkdaşlığı davam etdiririk”.
Xatırladaq ki, Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra Qrenlandiya geosiyasi gərginliyin mərkəzinə çevrilib. Tramp dəfələrlə bildirib ki, Birləşmiş Ştatlara təhlükəsizlik baxımından strateji məkanda yerləşən, təbii ehtiyatlarla zəngin Qrenlandiya lazımdır.
Lakin həm Danimarka, həm də Qrenlandiya adanın satılmadığını və gələcəyini özü həll edəcəyini bəyan edib.
Xatirə SADİQ