“Əsədə və ailəsinə sığınacağı Putin şəxsən verib” – Dmitri Peskov
Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verilməsi barədə qərarı Rusiya prezidenti Vladimir Putin verib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “TASS”a açıqlamasında bildirib.
“Əlbəttə ki, bu cür qərarlar dövlət başçısı olmadan qəbul edilə bilməz”, - deyə Peskov əlavə edib.
Peskovun sözlərinə görə, Putinin cədvəlinə Əsədlə görüş daxil deyil. O, Suriyanın keçmiş prezidentinin harada olduğunu açıqlamayıb.
Kreml Əsədin hakimiyyətin təhvil verilməsində müxalifətlə razılaşdığını iddia edərək onu rəsmi olaraq keçmiş prezident adlandırır. Əsədin özü isə rejiminin süqutunu şərh etməyib və ictimaiyyət qarşısına çıxmayıb.
Putin bundan öncə Rusiya ordusunun tərəfində vuruşduğu Əsədlə dəfələrlə görüşürdü. Hətta belə görüşlərin birində rus hərbçisi Putinin ardınca getmək istəyən Suriya prezidentinin qarşısını kəsmişdi. Həmin görüntü bütün dünyada birmənalı qarşılanmamışdı.
Xatirə SADİQ