Gürcülərin Ukraynada baş verənlərdən xəbəri yox imiş – Kobaxidze belə iddia edir

Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının qalmaqal doğurmuş seçki bannerlərinə münasibət bildirib.

Oct 10, 2024 - 12:13
Gürcülərin Ukraynada baş verənlərdən xəbəri yox imiş – Kobaxidze belə iddia edir

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, həmin bannerlərdə Ukraynadakı müharibə nəticəsində dağıdılmış binalarla Gürcüstanda bərpa edilmiş binalar müqayisə edilib. 

Kobaxidze bildirib ki, gürcülərin Ukraynada baş verənlərlə bağlı heç bir məlumatı yox idi və onun partiyasının seçki bannerləri bu barədə həqiqəti “aşkar etdi”.

Baş nazirin sözlərinə görə, bu reklam bannerlərindən yalnız “konkret subyektlər” – hökumətin əleyhdarları olan siyasətçilər və qeyri-hökumət təşkilatları narahat olublar.

“Əslində, ictimaiyyətin Ukraynada baş verənlər barədə tam və adekvat məlumatı yox idi və bu reklam lövhələri... yalanı ifşa edir. Ona görə də Ukraynadakı vəziyyəti gürcü cəmiyyəti üçün arzuolunan kimi təqdim etməyə çalışan insanlar narahatdırlar”, - deyə Gürcüstanın baş naziri iddia edib.

Gürcüstandakı müxalifət isə hesab edir ki, "Gürcü Arzusu"nun seçki reklamı seçiciləri Ukraynadakı müharibənin görüntüləri ilə qorxutmaqla guya müxalifət partiyalarına səs verilən təqdirdə Gürcüstanı nə gözlədiyini göstərmək istəyirlər. 

Qeyd edək ki, Gürcüstan hakim partiyasının bu addımı Ukrayna Xarici İşlər Nazirliyini qəzəbləndirib. Ukrayna xarici siyasət idarəsi Rusiyanın Ukraynaya qarşı təcavüzünün nəticələrini əks etdirən görüntülərdən siyasi reklamlarda istifadə olunmasını qəbuledilməz adlandırıb. 

Xatirə SADİQ