Harrislə debatdan qaçan Tramp özünü boksçularla müqayisə etdi - AÇIQLAMA
ABŞ prezidentliyinə namizəd Donald Tramp oktyabrın sonlarında rəqibi Kamala Harrislə debatların yeni raundunun keçirilməsi təklifini qəbul etməyib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə eks-prezident “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp imtinasını əvvəlki iki debatın raundlarında Co Bayden və Harrisə qalib gəldiyi və seçkiqabağı kampaniya üzrə tərəfmüqabili Cey Di Vensin də Tim Uolts üzərində asanlıqla üstünlük əldə etdiyi ilə izah edib.
O, iddia edib ki, sorğularda liderdir, fərq gündən-günə artır və bütün əsas ştatlarda liderliyini saxlayır.
"Döyüşdə məğlub olan boksçunun ilk işi revanş tələb etməkdir. İndi çox gecdir, səsvermə prosesi artıq başlayıb – heç bir revanş olmayacaq! Bundan əlavə, dünən Kamala aydın şəkildə bildirdi ki, Co Baydendən fərqli heç nə etməyəcək, ona görə də müzakirə olunacaq heç nə yoxdur”, - Tramp yazıb.
“Reuters”in məlumatına görə, Trampın ismarıcı “Fox News” kanalının prezidentliyinə namizədlər arasında debatların yeni mərhələsinin keçirilməsini təklif etməsindən sonra ortaya çıxıb. Telekanal bunu ikinci debatın “hər bir namizədə yekun arqumentlərini söyləmək imkanı verəcək” arqumenti ilə izah etmişdi.
Qeyd edək ki, sentyabrın 10-da keçirilən ilk debatdan sonra bütün əsas sorğular Harrisin Tramp üzərində üstünlük qazandığını göstərirdi.
Xatirə SADİQ