“Bu barədə danışmaq hələ tezdir” – Kremlin sözçüsü

“Rusiyanın Xmeymim və Tartusdakı hərbi mövcudluğu Suriyanın gələcək hakimiyyət orqanları ilə ciddi söhbətin mövzusudur”.

Dec 9, 2024 - 14:39
“Bu barədə danışmaq hələ tezdir” – Kremlin sözçüsü

SAVASHMEDİA.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, hələlik Suriyada keçid dövrü baş verir. “Hər halda bu barədə danışmaq tezdir, bütün bunlar Suriyada hakimiyyətdə olacaqlarla müzakirə mövzusu olacaq. İndi biz həddindən artıq qeyri-sabitliyin keçid dövrünü görürük. Ona görə də əlbəttə, vaxt lazım olacaq və sonra hakimiyyətə gələnlərlə ciddi söhbət tələb olunacaq”, - deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü Rusiyanın Suriyadakı hərbi bazaları üçün təhlükəsizlik tədbirləri barədə məsələni çox vacib adlandırıb. “Sözsüz ki, təhlükəsizliyi təmin edə bilənlərlə əlaqə yaratmaq üçün indi lazım və mümkün olan hər şey edilir. Və təbii ki, hərbçilərimiz də bütün lazımi tədbirləri görür”, - deyə o, yekunlaşdırıb.

Xatırladaq ki, Rusiya hərbçiləri Suriyada Xmeymim aviabazasında və Tartusdakı logistika məntəqəsində yerləşiblər. 2017-ci ildə Moskva və Dəməşq Rusiya qüvvələrini bu bazalarda 49 il müddətinə yerləşdirmək barədə razılığa gəlmişdilər. 

Xatirə SADİQ