“Əsədin müttəfiqləri ilk dəfə ona kömək edə bilmədi” - Bayden

ABŞ prezidenti Co Bayden Suriya prezidenti Bəşər Əsədin rejiminin süquta uğöramasını “ədalət aktı” adlandırıb. 

Dec 9, 2024 - 16:08
“Əsədin müttəfiqləri ilk dəfə ona kömək edə bilmədi” - Bayden

SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Co Bayden bunu Ağ Evdə çıxışı zamanı bildirib. 

Bayden qeyd edib ki, Suriyadakı vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Əsədin müttəfiqləri – Rusiya, İran və radikal Livanın “Hizbullah” hərəkatı ona kömək edə bilmədi. ABŞ prezidentinin fikrincə, bu həm də ona görədir ki, ABŞ və onun müttəfiqlərinin siyasəti Moskva və Tehranın zəifləməsinə gətirib çıxarıb.

Bayden əlavə edib ki, indi Suriya xalqı qarşısında tarixi imkan yaranıb. Eyni zamanda etiraf edib ki, Suriyada yaranmış hazırkı vəzuyyət qeyri-stabildir və risklərlə doludur. Çünki indi hakimiyyətə gələn bir sıra müxalif qüvvələri keçmişdə terror fəaliyyətində, insan haqlarının pozulmasında iştirak ediblər. Xüsusilə də müxalifətin son hücumunda əsas rol oynamış “Həyat Təhrir əl-Şam” qruplaşması hələ də ABŞ hakimiyyəti tərəfindən terrorçu kimi tanınır. 

Baydenin sözlərinə görə, Vaşinqton müxalifət liderlərini əməllərinə görə qiymətləndirəcək və ABŞ keçid dövründə Suriyaya yardım etməyə hazırdır. O, ölkəsinin Suriyanın regional qonşularına da kömək etməyə hazır olduğuna diqqəti cəlb edib.

Bayden onu da bildirib ki, İsrail ABŞ-yə öz ordusunun Qolan təpələrində bufer zonasını tutacağı barədə xəbərdarlıq edib.

Xatirə SADİQ