Estoniyanın Türkiyədəki səfirliyinin əməkdaşı Ukraynaya görə işdən qovuldu - SƏBƏB
Estoniya Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki səfirliyinin əməkdaşını Ukrayna haqqında Kreml narrativləri ilə dolu elmi iş yazdığına görə vəzifəsindən çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Postimees” portal məlumat yayıb.
Məlum olub ki, Estoniyanın Ankaradakı səfirliyinin viza bölümünün katibi Mariya Sarantseva bu il martın 7-də Hacı Bayram Vəli Universitetində elmi işini təqdim edib. “Ukraynada millətçiliyin yüksəlişi: Erix Frommun psixoanalitik yanaşması” adlı iş ildə iki dəfə çıxan “Journal of Crises and Political Research” elmi jurnalında dərc olunub.
Sarantseva ilk növbədə rus mənbələrinə əsaslanan elmi işində Ukrayna millətçiliyinin köklərinin Sovet İttifaqının dağılmasının yaratdığı xəsarətdə olduğunu iddia edib.
O, Ukraynada 2013-2014-cü illərdə baş vermiş Ləyaqət İnqilabını “dövlət çevrilişi” adlandırıb, müasir Ukrayna ilə nasist Almaniyası arasında paralellər aparıb, eləcə də Rusiyanın 2014-cü ildə Donetsk və Luqansk vilayətlərini işğal etməsini “Luqansk və Donetsk respublikalarının ayrılması” kimi qələmə verib.
Estoniya XİN bundan sonra Kreml narrativləri ilə dolu araşdırmanın müəllifi ilə əməkdaşlığı davam etdirməyə lüzum görməyib.
Xatirə SADİQ