Əvvəlcədən bilirmiş, məhəl qoymayıb - İsa Arasın anası buna görə tutulub

Kahramanmaraşda məktəbdə qətliam törədən İsa Aras Mersinlinin anası Pınar Peyman Mersinli saxlanılıb.

Apr 22, 2026 - 13:47
Əvvəlcədən bilirmiş,  məhəl qoymayıb - İsa Arasın anası buna görə tutulub

SAVASHMEDİA.az xəbər verir ki, məhkəməyə çıxarılan P.P. Mersinli “səhlənkarlıqdan ölümə səbəb olma” ittihamı ilə həbs edilib.

Məsələ ilə bağlı Kahramanmaraş Respublika Baş prokurorluğu bəyanat yayıb.

"İstintaq fayllarında əks olunduğu kimi, cinayətkar İsa Aras Mersinlinin sağlamlıq problemləri ilə bağlı bütün məlumat və sənədlər müvafiq səhiyyə müəssisələrindən əldə edilib. 

Bu sənədlərin araşdırılması nəticəsində məlum olub ki, hadisədən əvvəl biri dövlət, biri özəl müəssisədən olmaqla iki psixoloq İsa Aras Mersinlinin uşaq psixiatriya klinikasında müalicəyə ehtiyacı olduğu diaqnozunu versə də, ana Pınar Peyman Mersinli həkimlərin tövsiyələrini qulaqardına vurub və psixiatriya klinikalarından tibbi yardım almayıb. 

Bununla da, P.P.Mersinlinin cinayətkarın (İsa Aras-red) öldürmə və yaralama hərəkətlərinə səbəb olduğu düşünülən psixoloji pozğunluqlarının aradan qaldırılması yönündə səhlənkarlıq göstərdiyi müəyyən edilib".

Qeyd edəki ki, P.P.Mersinli insident törədildikdən sonra saxlanılmış, ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı. İstintaq fayllarında qeyd olunub ki, sözügedən məktəbin psixoloq-pedaqoqu Ejder.İ. İsa Arasın anası P.P.Mersinli ilə dəfələrlə əlaqə yaratmağa çalışıb. 

Müəllimin məqsədi İsa Arasın gündən-günə pisləşən psixoloji durumu, məktəbdəki davranışları, özünə davamlı xəsarət yetirməsi ilə bağlı ailəni məlumatlandırmaq və bu vəziyyətdən birgə çıxış yolunu axtarmaq olub. Lakin ana bu barədə danışmağı hər dəfə rədd edib. Yalnız bir dəfə telefona cavab verib. Onda da oğlunun həddindən artıq zəkalı olduğu üçün məktəbdəkilərlə uyğunlaşa bilmədiyini deyərək, zəngi sonlandırıb.

Xatırladaq ki, aprelin 15-də VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə qətliam törədib. Nəticədə, 8-i şagird, biri müəllim olmaqla 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. İsa Aras valideynlərdən birinin ayağına endirdiyi bıçaq zərbəsindən sonra qanaxmadan ölüb. 

Lakin onu zərərsizləşdirən şəxslərin polisə təhvil verdiklərində sağ olduğunu demələrindən və nəşinin zirehli maşınla aparılmasından sonra İsa Aras Mersinlinin sağ olduğu iddiaları yayılıb. Türkiyə Prezident Administrasiyası isə iddiaları qəti şəkildə təkzib edərək, cinayətkarın öldüyünü və 16 apreldə dəfn olunduğunu açıqlayıb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli də saxlanılıb.

Banu