İcra başçısı 10 min 500 manatlıq nisyə arpa aldı, pulunu vermir - Məhkəməyə verildi

Sabah, martın 11-də Xaçmaz Rayon Məhkəməsində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılacaq.

Mar 10, 2026 - 21:29
İcra başçısı 10 min 500 manatlıq nisyə arpa aldı, pulunu vermir - Məhkəməyə verildi

SAVASHMEDİA.az musavat.com-a istinadla xəbər verir ki, icra başçısının qəzəbinə tuş gələnlər Şabranın Uzunboyad kənd sakinləri – 75 yaşlı təqaüdçü müəllimə Səbirə Muradova və oğlu Vüsal Muradovdur.

Uzun illər Uzunboyad kənd məktəbində müəllimə işləyən Səbirə Muradova hazırda təqaüddədir. Ailə iddia edir ki, 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satıblar, lakin bu günədək pul ödənilməyib. 

 Muradovlar məsələni icyimiləşdirəndən sonra Asif Hüseynov Muradovların Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə cəzalandırılmasını tələb edir. İcra başçısını narazı salan əsas məqam onların mətbuat vasitəsilə borcun ödənilməməsi barədə açıqlama vermələri olub.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Muradovların müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir. Bu səbəbdən işə Şabran Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı qərara alınıb.

Bundan sonra icra başçısı Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, həmin instansiya ilkin mərhələdə şikayəti qəbuledilməz sayıb. 2026-cı ildə isə xüsusi ittiham şikayətinə dəyişiklik edilərək yenidən Xaçmaz rayon məhkəməsinə təqdim olunub və bu dəfə iş icraata qəbul edilib.

İş üzrə sonuncu məhkəmə iclasında Şabran Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin fəhləsi Ağabala Həsənovun ifadəsi dinlənilib. Həsənov arpanın daşınması ilə bağlı qaimədə “təhvil aldım” qeydi ilə imza atan şəxsdir.

Şahid məhkəmədə bildirib ki, qaimədəki imza ona məxsusdur, lakin onu başqa məsələ ilə bağlı aldadılaraq həmin qaiməyə imza atdırıblar.

Həsənovdan savayı məhkəmədə çoxsaylı şahidlər ifadə veriblər. Şahidlər tonlarla arpanın Şabran rayon icra başçısı Asif Hüseynovun fermasına aparıldığı bildiriblər.

Hazırda iş üzrə məhkəmə araşdırmaları davam edir.

Fotoda Asif Hüseynov