Fırıldaqçı rus generalı Ukrayna müharibəsinə göndərilir
Dələduzluqda təqsirləndirilən rusiyalı general və 58-ci ordunun keçmiş komandanı İvan Popov növbəti dəfə Ukrayna ilə müharibəyə gedəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” agentliyinə onun vəkili bildirib.
Onun sözlərinə görə, Popovun müdafiəsi Müdafiə Nazirliyi ilə birlikdə iş üzrə icraatın dayandırılması və generalın cəbhəyə göndərilməsi ilə bağlı “müsbət qərarla əlaqədar” həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət hazırlayıb.
SHOT “telegram” kanalı dəqiqləşdirib ki, müvafiq petisiya Ukraynada döyüşən bölmələrdən birinin rəhbərliyi tərəfindən göndərilib.
“Kommersant” qəzeti xəbər verib ki, general-mayor Popov döyüşə adi məhbuslar kimi sıravi hücumçu kimi deyil, keçmiş məhbuslardan yaradılmış “Fırtına Z” bölmələrindən birinin komandiri kimi göndəriləcək.
Qəzet yazır ki, Popovun mart ayında Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək orduya qayıtmasını xahiş etdiyi məlum olub. 30 ildən artıq orduda xidmət etmiş general-mayor məktubda bütün həyatını orduya həsr etdiyini, Vladimir Putinin onun “mənəvi oriyentir və təqlid üşün nümunə” olduğunu bildirib.
General bildirib ki, Putinin timsalında o, “soyuq ağıl, isti ürək və təmiz əllər” əfsanəvi sözlərinin mənasını tamamilə anlayıb. O, yazıb ki, “çətin həyat vəziyyətinə” düşüb və “düşməni dağıtmağa davam etmək” üçün “ən əsas komandirindən” hər şeyi yoluna qoymasını xahiş edir.
Popovun həbs olunduğu ötən ilin mayında ortaya çıxmışdı. İstintaqın fikrincə, o, 2023-cü ildə Zaporojye vilayətindəki cəbhə xəttində mühəndis müdafiə qurğularının quraşdırılması üçün alınmış 1700 tondan çox metalprokatın oğurlanmasında iştirak edib. Zərərin məbləği 130 milyon rubldan çox qiymətləndirilib. General günahını rədd edib.
Popovun vəkili Sergey Buinovski bu gün “TASS” xəbər agentliyinə bildirib ki, prokuror müdafiə etdiyi şəxsin ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun general-mayor rütbəsindən məhrum edilməsini xahiş edir.
Geniş ictimaiyyət 50 yaşlı İvan Popovdan 2023-cü ilin iyulunda rus qoşunlarının vəziyyətini və onların yüksək itkilərini tənqid etdikdən sonra ordu komandiri vəzifəsindən azad edilərkən xəbər tutdu. Popov xidmətdən xaric edilərək istintaq təcridxanasına yerləşdirildi.
Rusiyada qanunvericiliyə edilən dəyişikliklərə əsasən, həm məhkumlar, həm də məhkəmə və ya istintaq altında olan, haqqında hökm çıxarılmamış şəxslər məhkəmə və ya istintaq orqanlarının razılığı ilə Ukraynadakı müharibəyə gedə bilərlər. Bununla belə, müharibəyə göndərilmə xahişlərinin təmin olunmadığı hallar da var. Məsələn, FTX-nin istefada olan və hazırda həbsxanada olan polkovniki və Rusiya hakimiyyətini tənqid edən İqor Strelkov (Girkin) onun xahişinin rədd edildiyini bildirib.
Xatirə SADİQ