Fransa da bununla bağlı Kiyevlə danışıqlar aparır – müdafiə naziri
Fransa ötən ilin oktyabrından Ukraynanın faydalı qazıntılarının işlənməsi ilə bağlı Kiyevlə danışıqlar aparır.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekarnu “franceinfo”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, minerallar Fransanın müdafiə sənayesi üçün lazımdır. Nazir qeyd edib ki, bu danışıqlar Ukrayna prezidenti Vladimir Zelenskinin Parisə səfərindən sonra başlayıb.
Lekarnu iddia edir ki, Ukrayna lideri təkcə ABŞ-a deyil, Fransaya da bir sıra təkliflər verib.
“Vladimir Zelenski və komandası gördülər ki, bu xammal məsələsi bizimlə sövdələşmənin elementlərindən birinə çevrilə bilər. Odur ki, prezident Tramp bunu tamamilə fikirləşməyib, çünki bunu ukraynalılar özləri etdilər. Müdafiə sənayemizin öz silah sistemlərimiz üçün gələn il deyil, qarşıdakı 30-40 il ərzində müəyyən miqdarda çox vacib xammala ehtiyacı olacaq”, - deyə nazir etiraf edib.
Lekarnu əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron ondan Ukrayna ilə bu mövzuda danışıqlar aparmağı xahiş edib.
Qeyd edək ki, bundan öncə Avropa Komissiyasının spikeri Tomas Renye bildirirdi ki, 2021-ci ildən bəri Avropa İttifaqı (Aİ) artıq qarşılıqlı anlaşma memorandumu vasitəsilə mühüm xammal üzrə Ukrayna ilə tərəfdaşlığa malikdir.
Ukrayna və ABŞ-ın imzalaya biləcəyi faydalı qazıntılar haqqında sazişin layihəsində bildirilir ki, fondla bağlı saziş hazırlanarkən iştirakçılar Ukraynanın Aİ-yə daxil olması ilə bağlı öhdəlikləri çərçivəsində münaqişələrdən yan keçməyə çalışacaqlar.
Xatirə SADİQ