Fransalı nazirdən “Pasxa atəşkəsi”nə reaksiya – “marketinq əməliyyatıdır”
“Rusiya lideri Vladimir Putinin elan etdiyi “Pasxa atəşkəsi” ABŞ prezidenti Donald Trampın etimadını qazanmaq üçün marketinq əməliyyatıdır”.
SAVASHMEDİA.az “Politico”ya istindən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro çərşənbə axşamı “FranceInfo”ya bildirib.
“Onun (Putinin) bir qədər gözlənilmədən elan etdiyi “Pasxa atəşkəsi” prezident Trampın səbirsizliyinin və qəzəbinin artmasının qarşısını almağa yönəlmiş bir marketinq əməliyyatı, tələ yemi əməliyyatı idi”, - deyə fransız nazir vurğulayıb.
Fransa xarici siyasət idarəsi başçısının sözlərinə görə, Kreml sahibinin şənbə günü elan etdiyi və Kiyevin dərhal və dəfələrlə Moskvanı pozmaqda ittiham etdiyi müvəqqəti “barışıq” yalnız görüntü xatirinə edilib.
Qeyd edək ki, Rusiya tam atəşkəs təklifini rədd edərək, onun həyata keçirilməsini ləngidəcək şərtlərin uzun siyahısını irəli sürüb. Rusiya həmçinin Ukraynanın enerji infrastrukturuna 30 gün ərzində zərbə endirməmək barədə razılaşdırılmış sövdəni də dəfələrlə pozub.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, bu həftə Ukraynadakı müharibə ilə bağlı təklif etdiyi “sülh planı”nın məzmununu açıqlayacaq.
Aprelin 23-də Londonda ABŞ, Ukrayna və Avropa müttəfiqlərinin Rusiya-Ukrayna müharibəsində atəşi dayandırmaq üçün addımları müzakirə edəcəyi görüş keçiriləcək.
Xatirə SADİQ