Azərbaycan Rusiyaya Xəzərdən "atəş açdı" - TƏFƏRRÜAT
Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsi limanların fəaliyyətinə və neftin nəqlinə mənfi təsir göstərməklə yanaşı, nərə balıqları və Xəzər suitilərinin populyasiyalarına ziyan vurur.
SAVASHMEDİA.az xatırladır ki, Xəzər dənizi neft ehtiyatları ilə zəngin olan dünyanın ən böyük duzlu gölüdür.
O, hər biri əsas neft və qaz istehsalçısı olan beş ölkə - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla əhatələnib.
Rusiya dayazlaşmanı ilk növbədə iqlim dəyişikliyi ilə əlaqələndirir, lakin Bakı bu arqumentlə razı deyil.
Azərbaycan Rusiyanı Xəzərin su axınının 80%-ni təmin edən Volqada bəndlərin tikintisində günahlandırır.
Azərbaycanın ekologiya nazirinin müavini Rafiq Hacıyev "Reuters" agentliyinə bildirib ki, dayazlaşma prosesi onilliklərdir davam edir, lakin son illərdə daha da sürətlənib. O bildirib ki, son beş ildə suyun səviyyəsi 0,93 metr, on ildə 1,5 metr, otuz ildə isə 2,5 metr azalıb. Hazırda azalma tempi ildə 20-30 sm-dir.
“Sahil zolağının geri çəkilməsi təbii şəraiti dəyişir, iqtisadi aktivliyi pozur və davamlı inkişaf üçün yeni çağırışlar yaradır”, - Hacıyev vurğulayıb.
Hacıyev Rusiya ilə birgə işçi qrupunda Azərbaycanı təmsil edir və bu qrup apreldə məsələni müzakirə etmək üçün ilk görüş keçirib.
Hacıyevin sözlərinə görə, dəniz səviyyəsinin aşağı düşməsi artıq sahilyanı sakinlərin həyatına və limanların işinə təsir edir. Azərbaycan sahillərində 4 milyona yaxın, Xəzər regionunda isə 15 milyona yaxın insan yaşayır.
Nəşr qeyd edir ki, gəmilər Bakı limanına daxil olarkən və manevr edərkən çətinliklərlə üzləşirlər ki, bu da yük dövriyyəsini azaldır və logistika xərclərini artırır.
Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov məlumat verib ki, 2025-ci ilin birinci yarısında Dübəndi terminalı ilə nəql edilən neft və neft məhsullarının həcmi bir il əvvəlki 880 min tona nisbətən 810 min tona qədər azalıb.
Onun sözlərinə görə, problem bilavasitə suyun səviyyəsinin aşağı düşməsi və mütəmadi olaraq dərinləşdirmə işlərinin aparılması zərurəti ilə bağlıdır.
Hacıyev həmçinin qeyd edib ki, çəkilən sular bataqlıqları, laqunları və qamışlıqları məhv edir, bir sıra dəniz növlərinin sağ qalmasına təhlükə yaradır.
Nəticələr artıq nəsli kəsilməkdə olan nərə balıqları üçün xüsusilə ağırdır: onlar yay və payız aylarında yaşayış yerlərinin 45%-ə qədərini itirir və çaylarda ənənəvi kürü tökmə yerlərindən məhrum olurlar. Xəzər suitiləri də təhlükə altındadır: dəniz sahəsinin kiçilməsi və şimalda mövsümi buzların yoxa çıxması onları çoxalma yerlərindən məhrum edir.
Oğuz