“Unutmayın ki, Yerusəlim Konstantinopol deyil" - İsraildən Türkiyəyə RƏSMİ ETİRAZ
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin Yerusəlimlə (Qüds) bağlı səsləndirdiyi fikirlər İsrail rəhbərliyinin sərt etirazına səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, Çiftçi Qüdsün gələcəkdə yenidən Türkiyənin nəzarətinə qayıdacağına inandığını deyib.
O, eyni zamanda "Rəbbim, mənə bir gün də olsa, Qüds valiliyini nəsib et" deyə dua etdiyini bildirib.
Onun bu sözləri İsraildə etirazla qarşılanıb. İsrailin müdafiə naziri İsrael Kats cavab bəyanatında Yerusəlimin İsrailin ayrılmaz paytaxtı olduğunu vurğulayıb.
O, Türkiyə rəsmisinin açıqlamalarını qəbuledilməz adlandıraraq, "Yerusəlim Konstantinopol deyil və İsraili çökməkdə olan hansısa imperiya ilə səhv salmayın" ifadələrini işlədib.
Kats həmçinin Osmanlı İmperiyasının tarixdə qaldığını deyərək Yerusəlimin minilliklər boyu yəhudi xalqına məxsus olduğunu xatırladıb.
Qarşılıqlı bəyanatlar Ankara ilə Yerusəlim arasında son aylarda daha da kəskinləşən siyasi münasibətlər fonunda diqqət çəkib. Bu, onu göstərir ki, Yerusəlim (Qüds) məsələsi iki ölkə arasında ən həssas mövzulardan biri olaraq qalmaqda davam edir.
Səlcuq