Rəşid Behbudov niyə "məni aradan götürəcəklər" demişdi? - Şaumyanın dəfn kaseti
Azərbaycan musiqi sənətinin ən parlaq simalarından olan SSRİ Xalq artisti Rəşid Behbudov təkcə bənzərsiz səsi və sənəti ilə deyil, həm də ictimai mövqeyi ilə yadda qalıb.
SAVASHMEDİA.az onun ömrünün sonlarına yaxın Sovet rəhbərliyi ilə yaşadığı gərginliyin və sirli ölümünün detallarını təqdim edir.
1988-ci ildə Sovet İttifaqı dağılmağa doğru gedir. Qarabağda vəziyyət gərginləşir. 1988-ci il dekabrın 1-də SSRİ rəhbəri Mixail Qorbaçov Azərbaycan və Ermənistan parlament komissiyalarının üzvlərini, deputatları Moskvaya toplayaraq Qarabağ məsələsini müzakirəyə çıxarır.
Həmin iclasda Rəşid Behbudov Qorbaçova üz tutaraq deyir:
- Mən öz teatrıma tankların arasından keçib gəlirəm.
Qorbaçovun cavabı:
- Amma onlar bizim tanklardır.
Behbudov isə dərhal etiraz edir:
- Xeyr, onlar bizim yox, sizin tanklarınızdır! Qarabağ məsələsi dərhal həll olunmalıdır, əks halda qan töküləcək.
Sonralar həmin görüşü xatırlayarkən deyirdi:
"O anda elə bil mənə nəsə oldu..."
Həmin dövrdə Hindistanda qastrol səfəri zamanı rastlaşdığı bir hadisə də onu dərindən düşündürmüşdü.
Mahnı Teatrının kollektivi ilə Hindistanda olarkən yerli tərcüməçilərdən biri ona Şaumyanın həmin ölkədə dəfn edildiyini söyləyib. Bu məlumat Rəşid Behbudovu təəccübləndirdi. O, dəfnlə bağlı materialların yer aldığı videokaseti əldə edir.
Qarabağ hadisələri başlayandan sonra isə həmin materialı Mixail Qorbaçova təqdim etdi və bunun erməni tarixşünaslığında yer alan bəzi iddialarla ziddiyyət təşkil etdiyini dedi.
Qeyd: Şaumyan Sovet tarixində 26 Bakı komissarından biri kimi tanınır. Rəsmi versiyaya görə o, Bakıda (Daha doğrusu, Türkmənistanın Ağcaqum çölündə) güllələnmişdi. Hindistanda dəfn olunması ilə bağlı məlumat isə bu versiya ilə ziddiyyət təşkil edirdi.
Bu hadisələrdən sonra Rəşid Behbudovun SSRİ Ali Sovetindəki fəaliyyətinin məhdudlaşdırıldığı, həmçinin hər il müraciət etdiyi xüsusi tibbi komissiyanın onu qəbul etmədiyi bildirilir.
Sağlamlığında, xüsusilə böyrəklərində problemlər yaranmağa başlayır.
Sonralar xəstəxanada müalicə aldığı günlərdə həyat yoldaşına belə demişdi:
"Məni o kaset məsələsinə görə aradan götürəcəklər".
Məxfilik və müəmma
1989-cu il mayın 17-də məşq zamanı Rəşid Behbudov özünü pis hiss etdi. Həkimlər onun xəstəxanaya yerləşdirilməsini tövsiyə edirlər. Lakin ilk yerləşdirildiyi tibb müəssisəsi nə onun, nə də ailəsinin ürəyincə olur.
Moskvanın Kreml xəstəxanasında müalicə aldığı dövrdə xüsusi tibbi komissiyanın onu qəbul etmədiyi barədə məlumatlar yayılmışdı.
Həyat yoldaşı Ceyran Behbudova sonralar həmin günləri belə xatırlayırdı:
"Biz palatanın qarşısında gözləyirdik. Birdən tibb bacısı çıxdı və Rəşid Behbudovun vəfat etdiyini bildirdi".
2018-ci ildə qızı Rəşidə Behbudova da atasının ölümü ilə bağlı bəzi məqamlara toxunmuşdu. O bildirmişdi ki, vəfatından qısa müddət əvvəl atası Mixail Qorbaçovla danışmış və həmin söhbət gərgin keçmişdi.
Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada vəfat etdi.
O, Bakıda Fəxri xiyabanda dəfn olunub.
Hazırladı Aytən