Fransanın gələcək prezidenti də "qadın əsəri" olacaq - Marin Le Penin sevimli "balaca şir"i
Jordan Bardella Avropanın ən gənc prezidenti ola bilər.
SAVASHMEDİA.az xəbər verir ki, Fransanın Milli Birlik Partiyasının sabiq sədri, xanım Marin Le Penin korrupsiya iddiası əsasında namizədliyinə 5 il qadağa qoyulması Bardellanın namizəd olacağına dair xəbərlərin ortaya çıxmasına səbəb oldu.
Bardella özü də “Le Parisien” qəzetinə verdiyi reportajda “Marin Le Pen mənim namizədimdir, əgər o, namizəd ola bilməsə, mən onun namizədi olacağam” deyib. 2027-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Marin Le Penin istəyi prezident olmaq, Bardellanı isə Baş nazir etmək idi. Dəyişən şərtlər nəticəsində ulduzu parlayan Bardella prezidentliklə Baş nazirlik üçün tələb olunan keyfiyyətlərin eyni olduğunu bildirib.
Bardellanın partiyasının dəstəyini aldığı da qeyd olunur.
Seçkilərə hələ iki il qalmasına baxmayaraq, Makronun özünün üçüncü dəfə namizəd olacağı, yoxsa partiyasından kimisə namizəd göstərəcəyi ciddi müzakirə olunur.
Sabiq Baş nazirlərdən Qabriel Attal, Eduard Filipe,hazırki ədliyyə naziri Gerald Darmanin Jordan Bardellanın prezident seçkilərindəki rəqibi kimi göstərilir.Məsələn, Darmanin namizəd olmaq istədiyini, hətta bununla bağlı layihələrin hazır olduğunu bildirib.
Bəs Fransa prezidenti postuna real namizəd kimi göstərilən Bardella kimdir?
13 sentyabr 1995-ci ildə Parisin Dransi qəsəbəsində anadan olub. Bardella ana tərəfdən italiyandır. Anasının ailəsi 1960-ci illərdə Turindən Fransaya köç edib. Atası isə yarı fransız, yarı əlcəzairlidir. Ata nənəsi əlcəzairdən köçmüş mühacirin qızıdır. Anası ibtidai məktəbdə işləyir atası isə orta gəlirli şirkət sahibidir.Ailənin yeganə övladıdır. Atası ilə anası boşanandan sonra anasının və nənəsinin himayəsində böyüyüb.
2012-ci ildə 16 yaşında Marin Le Penin rəhbərlik etdiyi Milli Cəbhə Hərəkatına qoşularaq siyasətə ilk addımını atıb. O, Paris Sarbonna Universitetində coğrafiya ixtisası üzrə təhsil almağa başlasa da, siyasi fəaliyyətə üstünlük verdiyi üçün təhsilini tamamlamadan universiteti tərk edib. Heç bir universitetdən diplomu yoxdur. 2015-ci ildə parlamentdə deputat köməkçisi seçilib. 2017-ci ilin sentyabrından prezident seçkiləri üçün Marin Le Penin seçki qərargahına qoşulub. 2017–2019-cu illər arasında Milli Birlik Partiyasının rəsmi sözçüsü vəzifəsində işləyib.
Marin Le Penin sevimli kadrı “balaca şir”dən “aslan”a gedən yolda
Bardellanın partiya sədri seçilməsində Le Penin rolunun böyük olduğu bildirilir. Bardellanı Fransa üçün Le Pen özü yetişdirib. Belə ki, artıq 2018-ci ildən Bardellaya xüsusi dərslər verilib, o əsl siyasətçi kimi hazırlanıb.Bu barədə Fransanın “Liberation”qəzetində bir məqalə də dərc olunub. Məqalədə deyilirdi ki, Bardella jurnalistələrin suallarına cavab vermək və ya sualdan yayınmaq, lazım olan yerdə təbbəssüm etmək barədə xüsusi təlim alımışdı. Le Pen onun üçün bir komanda təsis etmişdi. Həmin komanda gündəmi analiz edir və Bardellaya verilə biləcək sualları və onların cavablarını tərtib edirdi. Bardellaya qalan isə sadəcə onları əzbərləmək idi”.
Le Pen-Bardella münasibətləri də olduqca maraqlıdır. Belə ki, Le Pen Bardellaya olan rəğbətini heç vaxt gizlətməyib. Fransız jurnalist Stefan Fur “Alternativ və ya Bardellanın gizli siması” adlı kitabında yazırdı ki, Le Pen onu telefon kitabçasına əvvəlcə “balaca şir” 2019-cu il seçkisindən sonra isə “aslan” adı ilə qeyd edib. Aralarında emosional bağların olduğunu da iddia edən Stefan Fur, həmçinin bildirir ki, Bardella Le Penin zəif olduğu döngələrdə sükanı ələ alır. Gənclərə əlaqələr qurur, daha geniş kütləyə çıxış əldə edir...
Bardella həm də aktiv sosial şəbəkə istifadəçisi – aktiv “tiktok”çudur. Sosial şəbəkə onun gənclərə təsiretmə vasitəsidir. Bütün bunlara baxmayaraq, Bardella qatı sağçıdır, özü vaxtilə Fransaya gəlmə nəsillərdən doğulsa da, anti-immiqrant və millətçi ritorikası ilə fərqlənir.
Le Penin Bardellanı əsl siyasətçi yetişdirmək üçün təlimatlandırdığı siyasi məsələlər üzrə mütəxəssis Paskal Omondan bir istəyi olub - onu “mehriban bir faşist” kimi yetişdirmək.
Görünür, Omon artıq vəzifəsinin öhdəsindən məharətlə gəlib...
Vəsilə İbrahim