"Getmə, Lio" hayqırtıları altında VİDA RƏQSİ - Messi sabah o məktubu xatırlayacaqmı?
On il əvvəl futbol üzrə Argentina milli komandasının üzərini qara buludlar almışdı.
SAVASHMEDİA.az xatırladır ki, buna səbəb komandanın 2014-cü il Dünya Çempionatının, 2015 və 2016-cı illərdə isə Amerika Kuboklarının final oyununda məğlub olması idi.
Futbolu özləri üçün ölüm-dirim mübarizəsinə çevirmiş argentinalılar üçün bu məğlubiyyətlər seriyası artıq qırılmalı idi. Buna görə də onlar acı və hirslərini Maradonanın varislərindən - milli komandanın futbolçularından, xüsusilə də kapitan Lionel Messidən çıxarırdılar. Tənqidlər, hətta təhqirlər...
Həmin günlər Lio üçün çox ağır keçirdi. “Futbolun Tanrısı” psixoloji çöküş yaşayırdı və özünəinamını itirmişdi. Məhz belə bir vaxtda Messi ümidsizliyə qapıldı, milli yolun burada bitdiyinə, artıq getmək vaxtının çatdığına qərar verdi. “COPA Amerika”nın finalında Çiliyə məğlub olduqdan sonra (iyun, 2026) həmin qərarı açıqladı...
Ümidsizliyə qapılan Argentina millisinə Messi kimi bir ulduzun bu şəkildə gedişi də ağır təsir etmişdi. Adi vətəndaşlar üçün bu gediş nə mənaya gəlirdi tam bilinməsə də, idman ictimaiyyəti nələrin baş verdiyini getdikcə daha ağır şəkildə dərk edirdi. Bu ağır səssizliyə ilk daş atan isə Argentinanın indiki baş məşqçisi Lionel Skaloni oldu. O, matçlardan birində çəkilmiş və Messinin rəqib komandanın 9 futbolçusu ilə əhatələndiyi şəkli paylaşaraq “Bu şəkil hər şeyi izah edir... Getmə, Lio" şərhini yazdı...
Messinin gedişi Scaloni ilə yanaşı bir yeniyetməyə də ağır təsir etmişdi...
Enzo Fernandes həmin vaxt 15 yaşında idi. O da Messinin möhtəşəm driblinqlərini, qollarını, milli komanda üçün var gücü ilə çalışdığını görərək böyüyən digər argentinalı yeniyetmələr sırasında idi. Enzo da Scaloni kimi Messinin milli yolunun hələ də bitmədiyinə inanırdı. Lakin bu yolun davamı üçün nəsə bir şey etməli olduğunu da anlayırdı. O başa düşürdü ki, öz inandığına Messini də inandırmalıdır, ən azından bunun üçün çalışmalıdır. Enzo çarəni məktubda tapdı. O, məktubunda Messini öz fitri istedadına, Tanrının təpədən-dırnağacan ona bəxş etdiyi futbol dühasına inandırmağa çalışırdı. Yeniyetmə eyni zamanda özündən yaşca böyük, hətta çox böyük argentinalıları da mühakimə edir, onları öz təbirincə desək, “güzgüyə baxmağa” səsləyirdi..
Həmin vaxt Argentina futbolunda adı olmayan Enzo Messiyə bu gün artıq futbolsevərlərin çoxuna məlum olan o cümlələri yazdı...
"Biz belə aciz vəziyyətdə ikən səni necə inandıra bilərik? Çiyinlərində daşıdığın yükün heç olmasa, 1 faizini belə həyatında hiss etməmiş insanlar olaraq səni necə başa sala bilərik? Səhər yuxudan oyanıb güzgüyə baxanda bilmək ki, 40 milyondan çox insan səndən təkcə mükəmməl oynamağı yox, həm də buna borclu olduğunu düşünür...
Səni necə inandıra bilərik ki, sən də hər şeydən əvvəl insansan? Bənzəri olmayan istedada, dünyanın ən yaxşı futbolçusu adına sahib olsan da, sən yenə də insansan.
Məğlubiyyətin bizdə yaratdığı qəzəbin əslində çox vaxt öz uğursuzluqlarımızdan və daxili məyusluqlarımızdan qaynaqlandığını, bunun məsuliyyətini isə haqsız yerə sənin üzərinə qoyduğumuzu necə anlayaq?
Gəlin bir anlıq güzgüyə baxaq və özümüzdən soruşaq: Biz özümüzdən, Messidən tələb etdiklərimizin heç olmasa, 1 faizini tələb edirikmi?
Səni necə inandıra bilərik ki, bütün dünya səni alqışlayır? Sən istirahət günlərini çimərlikdə keçirə bilərdin, amma bunun əvəzinə meydanda tər tökür, ölkəmizin formasını qürurla daşıyırsan. Təəssüf ki, bəziləri sənin necə oynadığına yox, nə qədər qaçdığına, hətta himni oxuyub-oxumadığına diqqət yetirir.
Nə qərar verəcəyinə özün müəyyənləşdir, Lionel. Amma xahiş edirik, qalmağı düşün. Lakin bunu bizim üçün deyil, özün üçün et. Futboldan zövq almaq üçün qal. Çünki insanlar səndən oyunun ən gözəl hissəsini - sevincini və həzzini alıblar.
Sən, yəqin ki, uşaq olanda ölkənin formasını geyinməyi və bundan zövq almağı xəyal edirdin. Səni Argentina millisinin formasında izləmək bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük qürurdur.
Ona görə də çıx meydana və zövq alaraq oyna. Çünki sən zövq alanda, inan ki, biz də səninlə birlikdə həmin sevinci yaşayırıq.
Təşəkkür edirik!
Və bizi bağışla...”
Bu gün Lionel Scaloni (2018-ci ildən) Argentina millisinin baş məşqçisidir. Argentinalılar onun rəhbərliyində 2021 –ci ildə Amerika Kubokunu, 2022 – ci ildə Dünya Kubokunu, 2024 – cü ildə isə yenidən Amerika Kubokunu qazanıb.
Bu gün Enzo Fernandes 24 nömrəli forma ilə Argentina millisinin əsas heyətində (2021-ci ildən) çıxış edir. Bu il Argentinanın DÇ finalına çıxmasında Messinin köməkçilərindən biridir.
Lionel Messi 2016-cı ilin avqust ayında yenidən milli komandaya qayıtdı. Onun kapitanlığında ağ-göylər” iki dəfə Amerika çempionu, bir dəfə isə Dünya çempionu oldular.
Bu gün Messi 2026 Dünya Çempionatının finalçılarından biridir. İkinci Dünya çempionluğunun astanasındadır. Messini, bəlkə də, bu uğurdan saatlar ayırır. Finalın nəticəsinin nə olmasından asılı olmayaraq, Lionel Messi artıq adını milli komanda, klub və fərdi nailiyyətləri ilə futbol tarixinə qızıl hərflərlə yazmağı bacarıb. Messi futbolun özü olmağı bacarıb. Hətta obrazlı şəkildə idman növlərini qədim inanclardakı Tanrı sistemi şəklində düşünsək, “Messi futbolun Tanrısıdır” da deyə də bilərik.
Sabah Messi milyonlarla sevəninin, eləcə də sevməyənlərinin gözü qarşısında milli komandadakı son oyununu oynayacaq. Milli karyerasının son akkordunu vuracaq. Zamanı geri qaytarmaq mümkün olmasa da, Lionel Skaloninin 10 il əvvəl yazdığı sözləri bu gün biz də deyirik:
“Getmə, Lio...”
Vəsilə İbrahim