"Göstəriş verdim, yerinə yetirmədi" - Santuş kapitanlığı Emin Mahmudovdan niyə aldığını açıqladı
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş futbolçusu Emin Mahmudovdan kapitanlığı aldığını təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında iştirak edib.
70 yaşlı portuqaliyalı mütəxəssis deyib: "Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərdi olaraq Emini çox bəyənirəm. Həmçinin də futbolçu kimi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, digər kapitanı seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Buna riayət olunmadı. Bu qədər".
O, sabahkı görüşdə kimin kapitan olacağını bildirib: "Kapitanlıq elədir ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədavini kapitan kimi düşünürük".
Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sabah saat 20:00-da keçiriləcək.
qol.az