Gürcü deputatlar Əbu-Dabidə müxalif gürcülərlə qarşılaşdılar və... - Kafedəki əlbəyaxanın VİDEOSU
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məhkəməsi “Gürcü arzusu” partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidzeni 80 min dollar məbləğində cərimələyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari” telekanalı məlumat yayıb.
Məlumata əsasən, məhkəmə onları Əbu-Dabidəki kafelərin birində dava etdiklərinə görə cəzalandırıb. Cərimələnmiş deputatlar artıq Tiflisə qayıdıblar.
İnsidentin iştirakçıları telekanalın xəbərini şərh etməyiblər.
Qeyd edək ki, yanvarın 13-də Əbu-Dabidəki otellərin birində Zarkua və Sanikidze müxalif düşüncəli Gürcüstan vətəndaşı Laşa Qabitaşviliyə hücum ediblər.
“Gürcü arzusu”nun deputatları ilə bir qrup müxalif fikirli Gürcüstan vətəndaşları arasında münaqişə ilə bağlı Əbu-Dabidə lentə alınan bu video Gürcüstanda sosial şəbəkələrdə geniş yayılıb.
Məlum olub ki, tətildə olan Gürcüstan vətəndaşları yerli kafedə deputatlar İrakli Zarkua, Viktor Sanikidze, Qoça Enukidze, partiya üzvü Gelu Samxarauli və keçmiş təhsil naziri Giorgi Amilaxvari ilə qarşılaşarkən, onları “vətən xaini” və “satqınlar” adlandırıblar.
“Gürcüstanda jurnalistlər həbs olunanrən və etirazçılar döyülərkən burada oturmaqdan utanmırsınızmı?” – deyə Tiflis sakini Laşa Qabitaşvili onlara müraciət edib. Buna cavab olaraq deputat İrakli Zarkua həmyerlisini təhqir edib və telefonunu əlindən alıb.
Bazar ertəsi səhər qalmaqal davam edib. Deputatlar Zarkua və Sanikidze səhər yeməyi zamanı Qabitaşvilini taparaq ona hücum ediblər. Görüntülərdə Zarkuanın rəqibinə yeməklə dolu boşqabları ataraq onu döyməyə başladığı, daha sonra Viktor Sanikidzenin davaya qarışdığı görünür.
“Səhər yeməyi üçün aşağı düşdüm və həyat yoldaşımla tək oturdum. Onlar dünən baş verənlərə görə qəzəbli idilər və mənə hücum etdilər”, - deyə Laşa Qabitaşvili “Azadlıq” radiosunun gürcü redaksiyasına bildirib.
Sonra deputatın yerli polislə danışdığını əks etdirən foto ortaya çıxıb. İlkin məlumatlara görə, Laşa Qabitaşvili polisi çağırıb.
Xatirə SADİQ