İraqda 9 yaşlı qızlara evlilik icazəsi verildi - RƏSMİ

İraq parlamenti yanvarın 21-də uşaq nikahını faktiki olaraq qanuniləşdirən qanun qəbul edib.

Jan 22, 2025 - 09:49
İraqda 9 yaşlı qızlara evlilik icazəsi verildi - RƏSMİ

SAVASHMEDİA.az bu barədə “Associated Press” agentlinə istinadən xəbər verir.

Agentlik yazır ki, qanuna düzəlişlər islam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmada daha çox səlahiyyətlər verir.

İraqda qanun əksər hallarda evlənmək üçün minimum yaş həddini 18 yaş müəyyən edir. Bununla belə, dəyişikliklər din xadimlərinə “İslam qanunlarının interpretasiyasına uyğun olaraq” qərar qəbul etməyə imkan verəcək. Onlardan bəziləri qızların “erkən yeniyetməlik çağında” və ya doqquz yaşından evlənə biləcəyinə inanır.

İctimai fəallar hesab edirlər ki, bu dəyişikliklər İraqın 1959-cu ildə qəbul edilmiş, ailə hüququnu birləşdirən və qadınların müdafiəsini təmin edən şəxsi status haqqında qanuna ziddir. 

Dəyişikliklərin tərəfdarları, o cümlədən mühafizəkar şiə millət vəkilləri isə iddia edirlər ki, qanun “islam prinsiplərinə uyğunlaşdırılıb” və bu, İraq mədəniyyətinə “Qərb təsirini” azaldacaq.

BMT-nin 2024-cü ilə dair məlumatlarına görə, İraqda qadınların təxminən 28%-i yetkinlik yaşına çatmamış ərə gedir. Sözügedən qanunun qəbulundan öncə dini liderlər atanın icazəsi ilə qızlarla nikahı qeydə ala bilirdilər. Lakin belə evlilik rəsmi hesab edilmirdi və bu yaşda qızın doğum evinə qəbulu rədd edilə bilərdi. Dəyişikliklərin təsdiqindən əvvəl də hüquq müdafiəçiləri nəzərə çatdırırdılar ki, uşaq nikahının leqallaşdırılması qızlar üçün fiziki və cinsi zorakılıq riskini xeyli artıracaq.

Xatirə SADİQ