İsrailin iki nazirinə Niderlanda giriş qadağan olundu 

Niderland hökuməti İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə israilli səfiri çağırıb.

Jul 29, 2025 - 11:52
İsrailin iki nazirinə Niderlanda giriş qadağan olundu 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istindən xəbər verir. 

Məlum olub ki, səfir Qəzza zolağındakı “dözülməz və qəbuledilməz” vəziyyəti pisləməkdən ötrü söhbətə dəvət edilib. 

Bundan başqa, Niderland hökuməti israilli nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriçə ölkəyə girişi qadağan edib. Hər iki nazir fələstinlilərə qarşı dəfələrlə zorakılığı qızışdırmaqda və Qəzza zolağında “etnik təmizləmə” çağırışlarında ittiham olunur.

Hökumət həmçinin bəyan edib ki, Aİ-nin İsrailin qabaqcıl tədqiqat maliyyələşdirmə proqramına çıxışının məhdudlaşdırılması barədə tövsiyəsini dəstəkləyir və İsrailin humanitar yardımı artırmaq barədə Aİ ilə razılaşmanı pozduğu aşkar edilərsə, Avropa ticarət sanksiyalarını müdafiə edəcək.

Qeyd edək ki, son həftələrdə Aİ ölkələrinin əksəriyyəti Qəzzada humanitar yardım almağa çalışan mülki şəxslərin öldürülməsinə görə İsrailə qarşı ritorikasını gücləndirib. 

Avropa Xarici İşlər Xidməti iyulun ortalarında Qəzza zolağında insan haqlarını pozduğuna görə İsrailə qarşı diplomatik tədbir görülməsi üçün Aİ-yə üzv dövlətlərə təkliflər təqdim edib.

Avropa Komissiyası isə iyulun 28-də Qəzza zolağındakı vəziyyətə görə İsrailin elmi “Horizon Europe” proqramında iştirakını qismən dayandırmağı təklif edib. Bu proqram vasitəsilə elmi tədqiqatlar və startaplar maliyyələşdirilir. 

Xatirə SADİQ