Ramasvami Tramp administrasiyasından bu səbəbdən ayrılıb – “The Washington Post”  

Amerikalı biznesmen Vivek Ramasvami həmkarı İlon Maskla prinsipial fikir ayrılığına görə Hökumətin Effektivliyi Departamentinin (DOGE) birgə rəhbərliyində çalışmaqdan imtina edib. 

Jan 22, 2025 - 09:43
Ramasvami Tramp administrasiyasından bu səbəbdən ayrılıb – “The Washington Post”  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşrin yazdığına görə, Ramasvami və Mask hökumətin ixtisarı ilə bağlı radikal baxışları bölüşsələr də, onların bu məqsədə çatmaq strategiyaları uyğun gəlməyib. Ramasvami Konqresin razılığı olmadan hökumət departamentlərinin bağlanmasının hüquqi variantlarını araşdırmağa diqqət yetirib. O, DOGE-ni əhəmiyyətli dəyişikliklərə nail ola bilən və sonra onları qanunvericilikdə təsbit edə bilən müstəqil beyin mərkəzi kimi görüb.

Mask isə məsələyə texnoloji baxımdan yanaşıb. Mənbələrə görə, o, DOGE-yə hökumət daxilində, ciddi məxfi məlumatlara çıxışı olan, iclaslar və protokollar haqqında məlumatların açıqlanması ilə bağlı məhkəmə çəkişmələrindən yan keçmək imkanı olan kompakt struktur kimi yanaşıb.

Mənbələr vurğulayırlar ki, onların DOGE-nin gələcəyi ilə bağlı baxışları “rəqabətli” olduğundan Ramasvami bu layihədə iştirak etməmək qərarına gəldi.

Qeyd edək ki, Tramp artıq hökumətin səmərəliliyini artırmaq üçün strukturun yaradılması haqqında fərman imzalayıb və bu strukrura İlon Mask rəhbərlik edəcək. 

Xatirə SADİQ