“Gürcüstan nümayəndə heyətinin qərarı dialoqu təhlükə altına qoyur” – AŞPA prezidenti
“Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırmaq qərarı ölkədə kəskin siyasi böhran şəraitində demokratiyanın inkişafına kömək edə biləcək dialoqu təhdid edir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbəbr verir ki, bunu AŞPA prezidenti Teodoros Rusopulos deyib.
“Nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyası məsələsi üzrə səsvermədən sonra Gürcüstan nümayəndə heyətinin AŞPA-dan çıxmaq qərarına təəssüflənirəm. Bu, Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edə biləcək dialoqu təhlükə altına qoyur”, - deyə Rusopulos bildirib.
Yanvarın 29-da AŞPA Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini tanıyan, lakin aprelə qədər ölkədə yeni parlament seçkilərinin təyin edilməsi və siyasi məhbusların azad edilməsi şərti ilə qətnamə qəbul edib.
Gürcüstan nümayəndə heyətinin rəhbəri Teya Tsulukiani ölkəsinin bu qərara cavab olaraq AŞPA-da fəaliyyətini dayandırdığını bəyan edib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze qətnaməni “tamamilə absurd və ədalətsiz” adlandırıb. O, hesab edir ki, nümayəndə heyətinin öz fəaliyyətini dayandırmaq qərarı tamamilə alternativsizdir, çünki belə vəziyyətdə Gürcüstan nümayəndə heyətinin işinin heç bir mənası yoxdur.
Xatirə SADİQ