“Gürcüstanda vəziyyət Moldovada olduğundan daha pisdir” – Jozep Borrell

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell hesab edir ki, hər iki ölkədə əsas seçkilər ərəfəsində Gürcüstanda vəziyyət Moldovada olduğundan daha pisdir.

Oct 15, 2024 - 12:13
“Gürcüstanda vəziyyət Moldovada olduğundan daha pisdir” – Jozep Borrell

 SAVASHMEDIA.az xarici KİV-ə istinadən xəbər verir ki, Borrell bunu Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Borrel qeyd edib ki, nazirlər Moldova və Gürcüstandakı vəziyyəti müzakirə ediblər. Yaxın həftələrdə hər iki ölkə mühüm səsvermə keçirəcək. Gürcüstanda parlament seçkiləri, Moldovada isə prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcək.

Onun sözlərinə görə, Moldovada seçki prosesini pozmaq üçün Rusiya səylərini əsirgəmir, Gürcüstanda isə mənzərə daha qaranlıqdır.

“Hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə keçidə işarə edir. Buna görə də Avropa Birliyinə üzvlük prosesi de-fakto dayandırılıb”, - deyə Borrell vurğulayıb.

O əlavə edib ki, parlament seçkiləri Gürcüstanda demokratiya və onun Avropa İttifaqına gedən yolu üçün həlledici sınaq olacaq.

Mənbələrə görə, Aİ liderləri parlament seçkiləri ərəfəsində Gürcüstana müraciət etmək fikrindədirlər. Onlar gürcü hökumətinin ölkənin Aİ-yə gedən yolunu təhlükəyə atdığını söyləməyə hazırlaşırlar. Bu passaj oktyabrın 17–18-də Brüsseldə keçirilən Aİ sammitinin yekun layihəsində yer alıb.

Xatirə SADİQ