Gürcüstanın baş naziri ukraynalı deputatdan şikayətçidir
“AŞPA-nın ölkə hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsi Ukrayna parlament nümayəndə heyətinin üzvü, Ali Radanın deputatı Oleksiy Qonçarenkonun səylərinin nəticəsidir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, Qonçarenko kimilərinin kollektiv qərarı olub: “Ümumiyyətlə, çox acınacaqlı hadisədir ki, AŞPA-nın simalarından biri bu ukraynalı deputatdır. O, bizi birbaşa “ikinci cəbhə” açmağa çağırırdı, lakin buna nail ola bilmədi, indi də buna görə hansısa formada bizi cəzalandırmağa çalışır”.
Qonçarenkonu “xarici agent” adlandıran Kobaxidze iddia edib ki, ukraynalı siyasətçi və gürcü müxalifəti “bir himayədarın tapşırıqlarını yerinə yetirirlər”.
“AŞPA-nın simalarından biri Qonçarenko olanda assambleyanın fəaliyyətində və onun qəbul etdiyi qətnamələrdə müşahidə etdiyimiz uyğunsuzluqlar məntiqlidir. Müxalifətə gəlincə, onlar da kollektiv şəkildə Qonçarenkolardır, heç bir fərq yoxdur. Onlar da “ikinci cəbhə” istəyirdilər və buna nail ola bilmədilər. Buna görə də bu gün Qonçarenko kimi qəzəbləniblər”, - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər Komitəsinin sədridir.
Xatırladaq ki, AŞPA deputatları Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina edərkən məhz Oleksiy Qonçarenko Azərbaycanı dəstəkləmişdi. Bu qərarın səsə qoyulmasından öncə çıxış edən Qonçarenko AŞPA üzvlərini doğru qərar qəbul etməyə çağırmış, bu təşəbbüsün Strasburqun xeyrinə olmadığını, Azərbaycan-Ermənistan arasında sülh prosesinə mənfi təsir göstərəcəyini vurğulamışdı.
O zaman ukraynalı deputat belə qərarın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra qəbuluna xüsusi diqqəti cəlb etmişdi: “Bu qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. O vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub” – deyən Qonçarenko çıxışını Azərbaycan dilində “Yaşasın, Azərbaycan!” şüarı səsləndirməklə bitirmişdi.
Xatirə SADİQ