“Berbokun BMT Baş Assambleyasında sədrliyi rüsvayçılıqdır” - Zaxarova
Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbokun BMT Baş Assambleyasına sədrliyi təşkilatın yubiley ilində “rüsvayçılıq” və “anti-rəmz”dir.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Beynəlxalq Antifaşist Forumunun iclasında deyib.
“Bu gün, bu cür gündə Annalena Berbok BMT Baş Assambleyasının sədri vəzifəsinə başlayır. İyrənc xadimdir, onu sadəcə hansısa neoliberal qaydalar arxasında gizlənən keçmiş xarici işlər naziri adlandırmaq olmaz”, - deyə Zaxarova iddia edib.
XİN sözçüsü Berbokun ailə hekayəsinə diqqət çəkib: “Nasist nəvəsidir və biz də necə ailələrdə doğulduğumuzu bilmirik. Amma almanlar ya babalarının və ulu babalarının etdiklərinə görə peşmanlıqlarını bildirirlər, ya da onun vəziyyətində olduğu kimi qürur duyurlar. O, özü jurnalistlərə babasının guya Kalininqradda qəhrəman kimi vuruşduğundan danışıb. Hərçənd məlumdur ki, o, kimin tərəfində – Üçüncü Reyxin tərəfində olub. Biabırçılıq”, - deyə XİN sözçüsü vurğulayıb.
Hazırda Ukraynanın şəhər və kəndlərini aramsız bombardmana məruz qoyan Rusiya XİN-nin sözçüsü nəzərə çatdırıb ki, Berbokun Baş Assambleyanın sədri vəzifəsinə seçilməsi BMT-nin – İkinci Dünya müharibəsində insanların fədakarlıqları və qəhrəmanlıqları əsasında yaradılmış təşkilatın yubiley ilinə təsadüf edir: “Bu yubiley ilində Annalena Berbok anti-qəmz kimi BMT Baş Assambleyasının tribunasının başında oturacaq”.
Xatirə SADİQ