“Hava limanında başıma oyun açdılar, bunları danışsam...” – Alim Qasımov
"Sergey Paracanov Bakıda "Aşıq Qərib" filmini çəkəndə hələ Birinci Qarabağ müharibəsi başlamamışdı.
Müharibənin iyi gəlirdi. Bir-birimizi tapdıq, Cavanşir Quliyev də filmin bəstəkarı idi. Paracanov istəyirdi ki, mən bu filmdə muğam ifa edim, amma Cavanşir Quliyev istəmirdi. O, filmdə aşıq musiqisindən istifadə etməyin zəruri olduğunu deyirdi. Bu film daha sonralar Parisdə birinci yerə çıxdı. Biz o vaxt Parisə konsertə getmişdik, gördük ki, filmin afişası divarlardan asılıb".
SAVASHMEDİA.az xəbər verir ki, bunu moderator.az-a Xalq artisti Alim Qasımov deyib.
"Mən oteldə Paracanovun yanında idim. Ona kimsə zəng etdi. Deyirdi ki, niyə Alim Qasımovu çəkib, Azərbaycan musiqisini təbliğ edirsən? O da dedi ki, mənim işimə yarıyır, ona görə çəkirəm.Ermənilər ona mane olmaq istəyirdilər. Sənəti siyasətə qatmaq olmaz. Musiqinin dili yoxdur. Siyasətdə bir vaxt gələcək ki, sular durulacaq, amma sənət yüksəkdə qalacaq.Buna baxmayaraq, mənim heç vaxt erməni dostum olmayıb. Bir dəfə də eyni hadisə Fransada başımıza gəldi. Təşkilatçıya demişdilər ki, sən nə tapmısan bu Alimdə, onu tez-tez konsert vermək üçün bura gətirirsən? Belə hadisələr başımıza o qədər gəlib ki. Hava limanında başımıza oyun açıblar, qavalımızı buraxmayıblar. Belə hadisələri danışsam, nağıl olar. Allahın göylərə qaldırdığını heç kim zirvədən aşağı ata bilməz" - sənətkar bildirib.