Muharrem İnce İmamoğluya verdiyi sözdən döndü
Türkiyənin “Məmləkət” partiyasının sədri Muharrem İnce Əkrəm İmamoğluya və xalqa verdiyi sözdən dönüb.
SAVASHMEDİA.az xəbər verir ki, sabiq CHP-li və 2018-ci ildə CHP-nin prezidentliyə namizədi olmuş İnce Türkiyənin ikiqütblü siyasət anlayışından sürətlə çıxarılmalı olduğunu bildirib:
"Ölkəni bu ikiqütblü siyasi anlayışdan çox tez qurtarmaq lazımdır. Bunun üçün lazım olan 3-cü yolu gücləndirməkdir. Hər təbəqədən vicdanlı insanları bir araya gətirəcək bu yol ölkəni düşdüyü çıxılmaz vəziyyətdən tez bir zamanda çıxaracaq, ədalətə, dövlətə və onun qurumlarına olan inamı bərpa edəcəkdir".
İnce vurğulayıb ki, ikiqütblü siyasət seçicini heç istəmədiyi tərəflə bəzi xüsusiyyətlərini qəbul etmədiyi tərəf arasında seçim etməyə məcbur edir:
“İkiqütblü siyasət seçicini heç istəmədiyi tərəfin qarşısındakına səs verməyə məcbur edir. Bu zaman seçici istəməyə-istəməyə də olsa, səs verdiyi tərəfdəki absurdluqlara və namussuzluqlara göz yummağa məcbur olur”.
Xatırladaq ki, Muharrem İnce 22 martda təşkil olunan Saraçhane mitinqində İmamoğluya dəstək olacağını bildirmişdi:
“Qarşıda bir yerli, bir də prezident seçkiləri var. Cümhuriyyət Xalq Partiyasına 42 il xidmət etmiş qardaşınız olaraq söz verirəm ki, prezident seçkilərində CHP-nin birinci olması üçün var gücümlə çalışacağam. CHP-nin prezidentliyə iki namizədi var idi. Biri mən, biri də Kamal Kılıçdaroğlu. İkimiz də məğlub olmuş namizədlərik. İndi bizə düşən əsas vəzifə CHP-nin prezidentliyə yeni namizədinin (Əkrəm İmamoğlu-red) qoluna girib əllərini havaya qaldırmaqdır. Mən öz adıma bunu edəcəyimə söz verirəm”.
Vəsilə İbrahim