Həftəbecər - 10

 * Filosof və şair Cordano Brunonun abidəsində belə bir yazı oxumaq olar: “Onun öncədən gördüyü və tonqal qalanan əsrdən”.

Jul 23, 2025 - 13:51
Həftəbecər - 10

Əlbəttə, oxumaq üçün oxumağı bacarmaq lazımdır. Əsas məsələ, bu, qəbirüstü abidə deyil. Çünki igid alimin məzarı olmayıb. Soruşma niyə... Niyə onu yandırıb külə döndərmişdilər.

 * Əfsanəyə görə, Süleyman kişinin (çarın, padşahın, peyğəmbərin və əslində... Solomonun) üzüyü üzərində “Hər şey ötüb keçir” sözləri həkk olunmuşdu. Üzüyün içərisində isə, belə güman edilir ki, “Bu da keçib gedəcək” yazılıbmış.

 * 1855-ci ildə Avstraliyada üzərində qu quşunun təsviri olan poçt markası çap edilən zaman poliqrafik çərçivə təsadüfən tərsinə çevrilmiş və tirajın bir hissəsi dəzgahdan qüsurlu çıxmışdı. Hazırda bir "çevrilmiş qu quşu"nun bazar qiyməti on minlərlə dollardır.

Deyirəm, bizim Sumqayıtdakı “əyri bina”nı hərraca çıxarsaq neçə poçt markasına dəyişərlər?..

 * Dağıstanın avar şairi, erməni xalqının böyük dostu Rəsul Həmzətovun beşiyində yazılıbmış: “Hətta balaca uşaqlar da böyük yuxu görürlər”. Rəsul deyəsən Maqometoviç istəyirdi ki, Qarabağ ermənilərin olsun. Bunu yalnız ən böyük yuxusunda görə bildi.

 * Latın Amerikasında qızın 15 yaşı tamam olanda ailəsində kinseanyera bayram edilir. Bu, qızın böyük həyata qədəm qoyduğunu göstərir. Həmin gün balaca xanım ayağına ilk dəfə dabanlı tufli geyinir. Ona qızılgül dəstəsi hədiyyə olunur və qız kişilərlə rəqs edə bilər.

 * Nobel mükafatı laureatına verilən medalın aversində – üz tərəfində – olan yazı Vergilinin “Eneida” poemasından götürülüb. Latın dilindən tərcümədə mənası budur: “Adi adamlar üçün sənətlər yaratmaqla həyatı bəzəyənlərə”.

Belə medal bütün Nobel mükafatı laureatlarına təqdim olunmur. Nobel Sülh mükafatı və iqtisadiyyat üzrə Nobel mükafatı laureatları istisnalıq təşkil edirlər.

 * Sağında durandan, solda oturandan, qarşında gedəndən, arxanca gələndən soruş: “Məkkəli Məhəmmədin doğum günü nə vaxtdır?”. Sonra fikirləş: “Millət, özünü sən də müsəlmanmı sanırsan?”.

Köhnə adamlar Leninin “denrajdenisi”ni hələ də əzbər bilirlər.

 * Qəhvənin ən bahalı növü – “Black İvory” (“blək ayvori”), yəni “qara fil sümüyü” adlanır. Onun 1 kiloqramı təqribən 2500 dollaradır.

Bu qəhvənin istehsalında fillər bilavasitə iştirak edir. Qəhvənin toxumlarını heyvanlara yedirdir, sonra gözləyirlər. Belə “giləmeyvə”lər heç bir heyvanın mədəsində həzm olunmur. Adamlar fillərin nəcisində eşələnir, təbii fermentasiyadan keçən məhsulu ikinci dəfə toplayırlar. Cəbiş müəllim bunu görüb fərəhlə deyir: “Nəcis - ləzzət!”.

 * Şotlandiyalılar hər il yanvarın 25-də vətənpərvər şair Robert Börnsün doğum günü münasibətilə mütləq isti Hages pudinqi hazırlayırlar.

Millət, dahi Nizaminin sevimli bişintisi nə idi? Yaxud Rüstəm Behrudinin sevimli içkisi hansıdır?

 * Zoologiyadan və ya kənd həyatından bilirik ki, qaz çox həssas, bir az da aqressiv quşdur. Tarixdən isə məlumdur ki, bir qaranlıq gecədə qazlar küy salaraq Roma əhalisini, əsgərləri yuxudan oyatmış, şəhəri düşməndən müdafiə etmişdi.

Qədim Romada hər il keçirilən ənənəvi yürüşdə qəşəng, bahalı parçalarla bəzədilmiş xərəkdə bu məğrur quşu gəzdirir, eyni vaxtda xərəyin yanınca şüvülə bağlanmış zavallı iti aparırdılar. İtlərin “günah”ı o idi ki, camaatla, o cümlədən gözətçilərlə birgə yatmış, həyasızlıq etməmişdi.

 * 1254-cü ildə Müqəddəs Lüdviq pulla sümük oyunlarını qadağan edən qanun çıxarmışdı. Kömək etmədi. İki ildən sonra qadağanı təkrarlamaq lazım gəldi. Nəticə eyni oldu. Qumar məğlubedilməzdir!

 * Rus adətinə görə, doğum günündə hər kəsin qulaqlarını yaşı qədər sayda dartmaq lazımdır. Yəqin ona görədir ki, böyüyüb vəzifəyə gedəndə uzunqulaq olurlar.

 * “Dostlar” – dünyada çox populyar olan Amerika televiziya serialı idi. Hesablayıblar ki, onun qəhrəmanları 10 mövsüm ərzində kadrda 1154 fincan qəhvə içiblər. Artistlərin əlinə girəvə düşübmüş...

 * İki əsr ərzində Çində əcnəbilərlə ticarət qadağan olunmuşdu. Yalnız XVI yüzilliyin ortalarında, Makaoda Portuqaliya müstəmləkəsi yarandıqdan sonra, ticarətə rəsmən icazə verildi.

A.ƏZİZ