Helsinki Komissiyası arzuolunmaz elan edildi – Rusiyada

Rusiya Baş Prokurorluğu ABŞ Helsinki Komissiyasını arzuolunmaz təşkilatlar siyahısına əlavə edib. 

Dec 26, 2024 - 10:37
Helsinki Komissiyası arzuolunmaz elan edildi – Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Amerika hökuməti tərəfindən insan hüquqları, hərbi təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində beynəlxalq əməkdaşlıq məqsədilə yaradılmış bu təşkilatın fəaliyyəti Rusiyada qadağan olunacaq. Helsinki Komissiyası ilə əməkdaşlığa görə rusiyalılar cinayət təqibi ilə üzləşə bilər.

Rusiya Baş Prokurorluğu bu qərarını komissiyanın fəaliyyətinin Rusiyada ictimai-siyasi sabitliyi pozmağa yönəlməsi ilə izah edib: “Təşkilatın üzvləri ölkəmizin rəhbərliyinin xarici və daxili siyasətini, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin işini gözdən salan materialları kütləvi şəkildə yayırlar”.

ABŞ Helsinki Komissiyası (rəsmi adı – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası) 1976-cı ildə yaradılıb. Onun vəzifəsi əməkdaşlıq, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət haqqında 1975-ci il Helsinki Sazişlərinin ölkələr tərəfindən yerinə yetirilməsinə nəzarət etməkdir. Müqaviləni 35 dövlətin başçısı imzalayıb. Bunlara Albaniyadan başqa o dövrdə mövcud olmuş bütün Avropa dövlətləri (SSRİ daxil olmaqla), həmçinin ABŞ və Kanada daxil idi.

2023-cü ilin mayında Helsinki Komissiyası rəsmi olaraq ABŞ prezidenti Co Baydenə müraciət edərək, “ATACMS” ballistik raketlərinin Ukraynaya ötürülməsinə icazə verilməsini xahiş etdi. Bayden administrasiyası “ATACMS”in 2023-cü ilin sentyabrında Ukraynaya verilməsini təsdiqlədikdə, komissiya bu qərarı alqışladı.

Rusiya Dövlət Dumasının xarici müdaxiləni araşdıran komissiyası payızda bəyan edib ki, Helsinki Komissiyasının ABŞ-ın Avropa və Avrasiya siyasəti ilə bağlı hesabatı “suveren dövlətlərin işlərinə müdaxilə və rəngli inqilabların hazırlanması üçün təlimat”dır. 

Qeyd edək ki, Rusiyada arzuolunmaz təşkilatlar haqqında qanun 2015-ci ildən qüvvədədir. 
 
Xatirə SADİQ