Həmin komandan İranı razı salmaq üçün Tehrana göndərildi - İkinci raunda hazırlıq

Aprelin 15-də Pakistan ordusunun baş komandanı Asim Munir yüksək səviyyəli siyasi və təhlükəsizlik nümayəndə heyəti ilə Tehrana səfər edib. 

Apr 15, 2026 - 22:48
Həmin komandan İranı razı salmaq üçün Tehrana göndərildi - İkinci raunda hazırlıq

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Munirin səfəri ABŞ-nin mesajının İrana çatdırılması və İran–ABŞ danışıqlarının ikinci mərhələsinin planlaşdırılması ilə bağlıdır.

İranlı yüksək vəzifəli bir mənbə “Reuters”ə bildirib ki, Asim Munir tərəflər arasında gərginliyi azaltmaq və fikir ayrılıqlarını yumşaltmaq istiqamətində vasitəçilik etməyə çalışır.

İran Yayım Korporasiyası isə Pakistandakı “məlumatlı mənbələrə” istinadla yazıb ki, İran–ABŞ danışıqlarının ikinci raundunun yaxın günlərdə İslamabadda keçirilməsi nəzərdən keçirilir. Eyni zamanda Pakistanın bu həftənin sonuna doğru yeni görüşə ev sahibliyi etmək istədiyi bildirilir.

Xatırladaq ki, danışıqların ilk raundu aprelin 11–12-də Pakistanın paytaxtında baş tutub və təxminən 21 saat davam etməsinə baxmayaraq, tərəflər yekun razılığa gələ bilməyiblər. Bununla belə, ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident C.D. Vens görüşdən sonra “əhəmiyyətli irəliləyiş” əldə olunduğunu bildirib və növbəti danışıqların mümkünlüyünü istisna etməyib.

Bu arada, ABŞ qüvvələri prezident Donald Trampın göstərişi ilə aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb.

Asim Munirin birinci danışıqlardakı rolu

Qeyd edək ki, aprelin 11–12-də keçirilən ilk danışıqlar raundunda Pakistan ordusunun baş komandanı Asim Munirin rolu xüsusilə diqqət çəkmişdi. O, tərəflər arasında dolayı kommunikasiya kanallarının açılmasında və mövqelərin yaxınlaşdırılmasında əsas vasitəçi kimi qiymətləndirilmişdi. Məhz onun fəal diplomatik təmaslarının nəticəsi olaraq, uzunmüddətli müzakirələr aparılsa da, tərəflər arasında müəyyən anlaşma mühiti formalaşdırılmış, lakin yekun razılaşma əldə olunmamışdı.

Oğuz
SAVASHMEDİA.az