İlham Əliyev onu nazir müavini TƏYİN ETDİ - SƏRƏNCAM
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə - İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
O, 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000 - 2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olub.
2004-cü ildən Azərbaycan Respublikası maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri idi.
Fotoda Azər Bayramov