"İndi Şevardnadzenin dövrü deyil, sümüklərinizi qırarlar" - Tbilisi meri
"Avropanın istənilən ölkəsində və ya ABŞ-də polis məmuru ilə dünən bəzi aksiya iştirakçılarının danışdığı tərzdə danışın, görün sizə nə edəcəklər. Sümüklərinizi qırarlar".
SAVASHMEDİA.az gürcü KİV-nə istinadla xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze 28 noyabr aksiyasının dağıdılması barədə jurnalistlərə açıqlama verərkən deyib.
Kaladzenin fikrincə, DİN əməkdaşları asayişi qoruyur və insanların təhlükəsizliyini təmin edirlər:
"Elə düşünməyin ki, qarşınızdakı Şevardnadze hökumətidir. Kiminsə polisə yaxınlaşıb, onu təhqir etmək, ona tüpürmək, şüşə və daş atmaq hüququ yoxdur. Bu cür davranışlar uyğun reaksiya ilə qarşılanacaq".
Bununla belə, mer aksiyanı dağıtmaq üçün istifadə olunan su şırnağında kimyəvi maddələr olduğu barədə yayılan xəbərləri "absurd" adlandırıb.
"Nə uydurursunuz? Nə kimyəvi maddə? Bu cür axmaq şeylər danışmayın. Bu ölkədə aksiya keçirmək, söz və ifadə azadlığı təmin edilir. Hər kəsin öz etirazını müxtəlif formalarda ifadə etmək hüququ var, amma bu qanun çərçivəsində olmalıdır. Jurnalist, iş adamı, hətta siyasətçi, kim olursa-olsun, qanunu pozanlara qarşı tədbir görüləcək. Dinc şəkildə etiraz etməkdə heç bir problem yoxdur, amma kim polisi təhqir edirsə, ona nalayiq sözlər deyirsə, şüşə və daş atırsa, sizcə, bu, cavabsız qalmalıdır? Biz elə bir ölkədə yaşayırıq ki, söz və ifadə azadlığı qorunur, amma bunun öz sərhədləri var", - Kaxa Kaladze vurğulayıb.
Oğuz