“İngilislər Ukraynanı işğal etməyə çalışırlar” – Patruşevdən iddia

Onun sözlərinə görə, bu qüvvələr Avropa ölkələrinə qanunvericilik dəyişiklikləri tətbiq etməyə çalışırlar

Feb 18, 2025 - 12:37
“İngilislər Ukraynanı işğal etməyə çalışırlar” – Patruşevdən iddia

“Şimali Atlantika Alyansındakı müttəfiqləri ilə birlikdə ingilislər Ukraynaya dəstək adı altında Rusiya ilə uzunmüddətli qarşıdurma üçün Ukrayna torpaqlarını işğal etməyə, Qara və Baltik dənizlərini NATO-nun daxili sularına çevirməyə çalışırlar”. 

SAVASHMEDİA.az xəbər verir ki, bunu aif.ru-ya müsahibəsində Rusiya Dəniz Kollegiyasının rəhbəri, Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev iddia edib.

Onun sözlərinə görə, bu qüvvələr Avropa ölkələrinə qanunvericilik dəyişiklikləri tətbiq etməyə çalışırlar: “Bu, gəmilərin ətraf mühitə və dəniz infrastrukturuna hipotetik ziyan vura biləcəyinə dair ən kiçik şübhə ilə Baltik dənizində Rusiya gəmilərinin həbsini nəzərdə tutur”.

Patruşevin fikrincə, “guya” sözü son vaxtlar qərblilər tərəfindən “sübutları fərziyyə və böhtanla əvəz etməklə” tez-tez istifadə olunur. 

“Qərb uzun müddətdir Rusiyanı Baltikdən sıxışdırıb çıxarmaq üçün səbəblər axtarırdı. Lakin onları tapa bilmədiyindən, mahiyyətcə Rusiya gəmilərinin pirat zəbtini törətmək üçün motivlər uydurmağa qərar verdi. Təbii ki, Rusiya dost olmayan ölkələrin bu hərəkətlərini diqqətlə izləyir və əks-tədbirlər hazırlayır”, - deyə Dəniz Kollegiyasının rəhbəri əmin edib.

Patruşev qeyd edib ki, Rusiyanın Qərbə doğru dəniz çıxışlarından, Qara dəniz və Baltik dənizlərinə çıxışını kəsmək Londonun XVIII əsrdən bəri ən böyük arzusu olub. 

“Britaniyalılar Böyük Pyotra mane olmağa çalışdılar, II Yekaterinaya qarşı intriqalar törətdilər. Bəzən silah gücü ilə hərəkət etməyə cəhd göstərdilər. Tarixdə tez-tez Rusiyanın məğlubiyyəti kimi şərh edilən Krım müharibəsini xatırlayın. Amma əslində ingilislər və fransızlar Sevastopol qalalarında, Baltikdə, eləcə də Uzaq Şərqdə və Solovetski adalarında məğlubiyyətə uğradılar”, - deyə prezidentin köməkçisi tarixə ekskurs edib. 

Xatirə SADİQ