1 paytaxt şəhərində. BAKI
Şəhərin mərkəzi küçələrinin birində qarşımı gənc oğlan kəsdi və hansısa ərəb ölkəsinin islam missiyasının yerini soruşdu.
Dedim: "Tanımıram, haraya yaxındır?". Cavab verdi. Oğlan əks istiqamətdə gəlirdi, mən isə məhz o tərəfə getməliydim.
Yol yoldaşı olduq. Nümayəndəliyə niyə getdiyi ilə maraqlandım. Söylədi:
- Orada pulsuz "Qurani Kərim" verirlər.
- Pulsuz yalnız tələdə pendir olur. Sən hansı tələyə düşmüsən?
Anlamadı. Xırdaladım. Məşhur ifadənin mənasını açdım. Gülümsədi. Sonra dedi ki, universitetin ilahiyyat fakültəsində oxuyur. Pulsuz "Quran" paylandığını da məhz oradan bilib. Sözümə davam etdim:
- Təhsil alandan sonra xalqına necə xidmət etmək fikrindəsən?
Gənc oğlan yenə başa düşmədi. Yaxşı ki, həmin gün evdən çıxanda özümlə çoxlu səbir götürmüşdüm. Dedim:
- Hər kəs təhsilini bitirdikdən sonra nə isə görməklə xalqı üçün işləyir. Desəydin ki, tibb universitetində oxuyursan, biləcəkdim xəstələri müalicə edəcəksən. Əgər inşaat universitetinin adını çəksəydin, başa düşərdim ki, yol çəkmək, ev tikmək niyyətin var. Yox, pedaqoji təhsil alırsansa, sonra özün təhsil verəcək, xalqın balalarını oxudacaqsan. Bəs ilahiyyatçı olub, nə edəcəksən xalq üçün?
Görünürdü ki, oğlan diplomu düşünüb, havayı kitabı da düşünür, amma xalq yadına düşməyib...
Məşğuliyyət tanıyıram ki, çörəyi insanların nadanlığından qazanıb yeyirlər. Halbuki, hətta dilənçi də istidə, soyuqda oturub nə isə iş görür, bədbəxt hadisə uydurur, yalvarır, mərsiyə oxuyur. Amma həmin üçlüyün qapısına gəlib, insanlar "çörəyi" ona öz əllərində gətirirlər. Bunlar
√ruhanilər,
√falçılar,
√münəccimlərdir (astroloqlar).
Zəhmətsiz qazanan, haram yeyəndir bu üçlük! İndi isə ruhanilərin "elmi bazası" yaradılıb. Həmin bazanın əsgərləri məhz ilahiyyatçılardır.
Düzdür, hüzn yerinə gətirdiyimiz mollalar təhsil işığı saçmırlar. Böyük əmim deyirdi ki, bir dəfə yasda mollanın üzü onun gözünə çox tanış gəlir. Məclis qurtarana yaxın yadına düşür: bir vaxtlar o, məhəllədə növbətçi milis serjantı olub. Daxili işlər orqanında 25-illik xidmətini başa vuraraq istefaya çıxdıqdan sonra görüb ki, nə təhsili var, nə də bacarığı. Ümid bircə allaha qalıb. Zəhmətkeş rəiyyət isə tüfeyli rəbiyyəti dolandırmağa həmişə hazırdır. Əlbəttə, ərəb dilini öyrənməyə ehtiyac yox idi - yasin mətnini dəftərçəsinə kiril qrafikası ilə yazmışdı...
Təəssüf doğuran bir neçə acı fakt:
√ Gürcüstanın bütün məscid və kilsələrində, o cümlədən erməni kilsə və məbədlərində, neçə illərdir ki, Azərbaycan qazı pulsuz yandırılır;
√ Azərbaycan məscidlərində qaz havayıdır, amma soruşanda ki, mərhumu yumaq üçün niyə pul alınır, molla deyir: su qızdırılmalı, üstəlik, sabundan istifadə olunmalıdır, arada mürdəşirin də zəhmət haqqı var;
√ Azərbaycan torpağında öldükdən sonra da rahatlıq tapmaq olmur: məzar üçün yer, yerin qazılması, digər xidmətlər od qiymətinədir. Hansı xidmət, əgər qəbiristanlığın ərazisi alaq otlarından təmizlənmirsə, qəbirlərin arasında itlər gəzirsə, gətirdiyin tər çiçəklər sən gedən kimi yoxa çıxırsa...
Məlumat üçün: qardaş Türkiyədə və dost Pakistanda ölünün yuyulması, torpaq sahəsi, qəbrin qazılması, mollanın xidməti tamamilə havayıdır. Dəhşətli qiymətlərə görə vətəndə gəzmədik, adam lap qəriblikdə ölmək istəyir...
A.ƏZİZ