İran Əli Xameneinin dəfninə hazırlaşır - Nə vaxtdır?
İran rəhbərliyi Ayətullah Əli Xameneinin dəfn mərasiminin təşkili istiqamətində hazırlıqlara başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, mərasimin təşkili ilə bağlı xüsusi qərargah yaradılıb.
Tehran İslam Təbliğat Koordinasiya Şurasının sədri Möhsün Mahmudi bildirib ki, ölkə daxilindən və xaricdən çoxsaylı iştirakçının gözlənildiyi mərasimin yüksək səviyyədə təşkili üçün bütün aidiyyəti qurumlar səfərbər olunublar.
Təhlükəsizlik səbəbindən aylarla təxirə salınan dəfn mərasiminin dəqiq tarixi hələ açıqlanmayıb. Rəsmilər tarixlə bağlı qərarın təşkilati və təhlükəsizlik hazırlıqları tamamlandıqdan sonra veriləcəyini bildirirlər.
Xatırladaq ki, İranın keçmiş Ali lideri Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin Tehranda İran rəhbərliyinin obyektlərinə qarşı həyata keçirdiyi hücum zamanı həlak olub. İran dövlət mediası onun ölümünü martın 1-də rəsmən təsdiqləyib. Xameneinin ölümündən sonra ölkədə qısa müddətlik keçid idarəçiliyi formalaşdırılıb, daha sonra isə onun oğlu Müctəba Xamenei Ali lider seçilib.
Oğuz