Fizika üzrə Nobel mükafatı Amerikaya getdi

2025-ci ilin fizika üzrə Nobel mükafatı amerikalı alimlər Con Klark, Mişel Devore və Con Martinisə verilib. 

Oct 7, 2025 - 15:59
Fizika üzrə Nobel mükafatı Amerikaya getdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin saytında məlumat yayılıb. 

Nobel mükafatçılarının hər üçü Kaliforniya Universitetini, Devore isə üstəlik Yel Universitetini də təmsil edir.

Alimlər “elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelin və enerjinin kvantlaşdırılmasının kəşfinə görə” mükafata layiq görülüblər. 

Nobel Komitəsindən bildirilib ki, mükafat qazanan kəşf kvant kriptoqrafiyası, kvant kompüterləri və kvant sensorları da daxil olmaqla növbəti nəsil kvant texnologiyalarının inkişafı üçün imkanlar açıb.

Nobel Komitəsi oktyabrın 8-də kimya, oktyabrın 9-da Ədəbiyyat üzrə Nobel mükafatının laureatlarını elan edəcək. Oktyabrın 10-da Nobel Sülh Mükafatı laureatının ismi bəlli olacaq.

Fizika üzrə Nobel mükafatı 1901-ci ildən verilməyə başlanılıb. Mükafatın ilk laureatı 1901-ci ildə Vilhelm Röntgen olub. Bu mükafat yalnız 1916, 1931, 1934 və 1940–1942-ci illərdə verilməyib. 

İndiyədək 226 nəfər Nobel mükafatına layiq görülüb. Laureatların çoxu ABŞ-dan olan alimlər olub. Onların sayı 97 nəfəri təşkil edir. 

Xatirə SADİQ