Pekin Vaşinqtonu ittiham etdi - “Ayrı-seçkilik var…”

Çin ABŞ-ni ticarət sazişini “ciddi pozmaqda” ittiham edib və öz maraqlarını qorumaq üçün tədbirlər görəcəyinə söz verib.

Jun 2, 2025 - 12:27
Pekin Vaşinqtonu ittiham etdi - “Ayrı-seçkilik var…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyinə istinadən “Financial Times” (FT) məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Birləşmiş Ştatlar son həftələrdə “bir sıra ayrı-seçkilik və məhdudlaşdırıcı tədbirlər” tətbiq edib və bu, may ayında Cenevrədə keçirilən görüşlərdə əldə olunan konsensusa xələl gətirib. O zaman tərəflər razılaşmışdılar ki, Vaşinqton Çin mallarına tətbiq edilən rüsumları 145%-dən 30%-ə, Pekin isə 90 gün ərzində Amerika mallarına tətbiq olunan rüsumları 125%-dən 10%-ə endirəcək. 

“ABŞ bu şəkildə hərəkət etməyə və Çinin maraqlarına zərər vurmağa davam edərsə, Çin qanuni hüquqlarını qorumaq üçün qətiyyətli tədbirlər görəcək”, - deyə Ticarət Nazirliyi vurğulayıb.

Bundan öncə ABŞ maliyyə naziri Scott Bessent deyib ki, ticarət müharibəsində müvəqqəti barışıqdan sonra Çinlə danışıqlar “bir az dalana dirənib” və çıxılmaz vəziyyətin həlli üçün Tramp və Çin prezidenti Si Cinpinin birbaşa iştirakına ehtiyac var.

FT-nin məlumatına görə, Amerika tərəfi Cenevrədəki danışıqlardan sonra Çinin nadir torpaq metallarının ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracağını gözləyirdi. 

Xatirə SADİQ