İran güclüdür, yoxsa İsrail? - Hərbi güclərin müqayisəli təhlili

İsrail bu gün İrana hava hücumları təşkil edib. Yəhudi dövləti bu addımı İranın uranı zənginləşdirmə proqramına cavab olaraq atdığını bildirib. 

Jun 13, 2025 - 18:33
İran güclüdür, yoxsa İsrail? - Hərbi güclərin müqayisəli təhlili

Hücum nəticəsində İranın 6 nüvə alimi - Abdulrəhim Minuçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fagihi, Mətləbi-Zadeh, Mehdi Tehrancı və Firudun Abbasi həlak olub. Bundan başqa hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Hüseyin Salami də həyatını itirib. İran cavab tədbirləri həyata keçirib.

SAVASHMEDİA.az xəbər verir ki, Yaxın Şərqdə gərginliyin pik həddə çatması fonunda sözügedən iki ölkənin hansının hərbi cəhətdən üstün olması məsələsi yenidən gündəmə gəlib.

Orduların hərbi gücünü müqayisə edən “Global Firepower Index” internet saytındakı məlumatlara görə, İran həm şəxsi heyət, həm də quru və dəniz silahları baxımından üstünlüyə malikdir. Lakin bu rəqəmlər tam mənzərəni əks etdirmir.

Hesablamalara görə, İsrailin ordusu 170 min fəal və 465 min ehtiyat hərbi qulluqçu və 35 min hərbiləşdirilmiş qüvvədən ibarətdir. İranın tabeliyində 610 min fəal və 350 min ehtiyat heyət, həmçinin 220 min hərbiləşdirilmiş qüvvə var. 

İsrailin hərbi büdcəsi 30 milyard 500 milyon dollar, İranın hərbi büdcəsi isə 15 milyard 450 milyon dollardır.
Hesabata görə, uzun müddətdir beynəlxalq sanksiyaların hədəfi olan İran qabaqcıl yüksək texnologiyalı hərbi texnikasız qalıb. Hesabatda deyilir: “İran silahlı qüvvələri regional standartlara görə böyük olsa da, sürətlə köhnəlməkdə olan texnika inventarları ilə mübarizə aparır”.

Digər tərəfdən, İsrail dünyanın ən qabaqcıl hava qüvvələrinə malikdir. İsrailin müasir raketlər və bombalarla təchiz edilmiş müasir təyyarələri var.

İran Hərbi Hava Qüvvələrində 37 min personal çalışır, lakin hücum təyyarələrinin sayı daha məhduddur. Bu təyyarələrin əksəriyyəti 1979-cu ildə İran İnqilabından əvvəl alınmış Rusiya reaktivləri və ABŞ təyyarələridir.
“Global Firepower Index”ə görə, İsrailin 611 təyyarəsi var. Bunlardan 240-ı qırıcı təyyarə, 147-si helikopter, 48-i hücum helikopteridir, 159-u təlim təyyarəsidir. İranın isə 188 qırıcısı , 128 helikopteri, 13 hücum helikopteri, 103 təlim təyyarəsi olmaqla ümumilikdə 551 təyyarəsi var. İsrailin hərbi hava qüvvələrinə həmçinin əməliyyat çevikliyini artıran 23 xüsusi təyinatlı təyyarə də daxildir.

Quru qüvvələri baxımından İsrailin 1300 tankı, 35.985 zirehli texnikası, 352 özüyeriyən artilleriya qurğusu və 150 reaktiv artilleriya sistemi var. İran isə 1713 tank,  65.825 zirehli maşın 393 özüyeriyən artilleriya qurğusuna malikdir. 

Müztəxəssislərə görə, İsrailin qabaqcıl hava hücumundan müdafiə sistemi “dünyanın ən yaxşılarından biridir”.

İsrailin hava hücumundan müdafiə qalxanının ən aşağı səviyyəsi hesab edilən “Dəmir Günbəz” kiçik artilleriya mərmilərinə tab gətirmək üçün nəzərdə tutulub və son 10 ildə Həmas və Hizbullahın hücumlarına qarşı istifadə olunub.

Ancaq İranla daha böyük bir münaqişədə Dəmir Günbəzdən daha üstün texnika işə düşəcək. Bu da “Davud sapandı”dır. O, qısa mənzilli ballistik raketləri və idarə olunan raketləri dayandıra bilir.

Müdafiə qalxanının üst təbəqəsi daha uzun mənzilli ballistik raketləri dayandırmaq üçün istifadə olunan “Arrow-2” və “Arrow-3” qurğusudur.

Digər tərəfdən, İranın analoji strukturu yoxdur. Tehranın özünün müdafiə silahlarından əlavə, Rusiya istehsalı olan bir neçə S-300 və bir ədəd  "çox təkmil" S-400-ü var. Onlar əsasən nüvə obyektləri və İranın Tehrandakı dini liderinin qorumaq üçün strateji yerlərdə yerləşdirilib.

İsrailin dəniz qüvvələri kifayət qədər məhduddur. İsrailin freqatları və minaatanı yoxdur, lakin 5 sualtı qayıq, 7 korvet və 46 patrul gəmisi var. İran isə 7 freqat, 3 korvet, 25 sualtı qayıq, 21 patrul gəmisi və 1 minaatan gəmisinə sahibdir.

Bununla yanaşı İran özü istehsal etdiyi raketlər baxımından üstündür. Lakin mütəxəssislər bildirir ki, İran öz raketləri ilə zərər verə bilər, ancaq qələbə qazana bilməz.

Banu