ABŞ-Rusiya əməkdaşlığını kim pozur? - Rusiyadan məntiqsiz iddia
Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev Böyük Britaniyanı Rusiya-Amerika əməkdaşlığını pozmaqda ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən istisna etmirəm ki, London, zəruri halda, asanlıqla Vaşinqtonun kürəyindən bıçaq zərbəsi vuracaq. Güman edirəm ki, Ağ Evdə necə “müttəfiq”lə iş gördüklərini anlayırlar”, - deyə Patruşev iddia edib.
O, hesab edir ki, London Rusiya və ABŞ-ni bir-birinə qarşı qoymaq, Rusiya-Amerika danışıqlar prosesini pozmaq və Vaşinqtonu Kiyevə tammiqyaslı hərbi yardımı davam etdirməyə inandırmaq istəyir.
Bundan öncə Rusiyanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib ki, guya Böyük Britaniya Ukrayna ilə birlikdə Baltik dənizində təxribatlar hazırlayır: ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə torpedo hücumu təşkil edir və Rusiya minalarını aşkarlayır.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddiasına görə, məqsəd münaqişəni gərginləşdirmək və Rusiya ilə ABŞ arasında danışıqları pozmaqdır.
Buna deyərlər, “adımı sənə qoyum, səni də yanaya-yana qoyum”. Çünki əslində Vaşinqtonun atəşkəsdən təklifindən imtina etməklə və Ukraynada müharibəni azğıncasına davam etdirməklə ABŞ ilə münasibətləri korlayan Rusiyanın özüdür.
Bundan başqa, Rusiya dəfələrlə öz keçmiş agentlərini “Noviçok”la zəhərləməklə Böyük Britaniyada təxribatlar törədib. Almaniya, Finlandiya, İsveç və Baltikyanı ölkələr dəfələrlə Rusiyanı sualıtı telekommunikasiya kabellərinin kəsilməsində ittiham edib.
Ən əsası isə, məhz Rusiya 4 müttəfiq respublikanın – Azərbaycanın, Gürcüstanın, Moldovanın və Ukraynanın torpaqlarını işğal etməklə bu ölkələrin ərazi bütövlüyünü kobudcasına tapdalayıb. İndiyədək yalnız Azərbaycan öz qəhrəman ordusunun və Ali Baş Komandanının misilsiz şücaəti nəticəsində öz torpaqlarını işğaldan azad etməyə nail olub.
Rusiya 2008-ci ildə Gürcüstana hücum edərək, torpaqlarını zəbt edib, 2014-cü ildən isə Ukrayna dövlətinə qarşı müharibə aparır. 2022-ci ilin fevralından bu müharibə daha dəhşətli mərhələyə daxil olub. Lakin 3 gün ərzində Ukraynanı tutacağını güman edən Kremlin xülyaları puça çıxıb. Düz 3 ildən artıqdır ki, qəhrəman Ukrayna xalqı öz ölkəsinə sahib çıxmağı bacardığını bütün dünyaya nümayiş etdirməkdədir.
Xatirə SADİQ